Forum çərçivəsində keçirilən müzakirələr olduqca maraqlı və faydalıdır.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Modern.az-a açıqlamasında Nigeriyadan olan iştirakçı Bashir Yesufu bildirib.
O qeyd edib ki, panel iştirakçıları və moderatorlar açıq fikirli və ifadəli çıxışları ilə diqqət çəkiblər.
“Çox şey öyrənirəm və Bakıda qarşımızdakı günlərdə də gözəl vaxt keçirməyi səbirsizliklə gözləyirəm”.
Nigeriyadan olan iştirakçı həmçinin vurğulayıb ki, WUF13 müxtəlif ölkələrdən olan mütəxəssislərin, şəhərsalma üzrə ekspertlərin və inkişaf tərəfdaşlarının bir araya gəlməsi baxımından mühüm platformadır:
“Belə forumlar şəhərlərin inkişafı, dayanıqlı tikinti və urbanizasiya sahəsində yeni yanaşmaların müzakirəsinə imkan yaradır”.
B.Yesufu Azərbaycana ilk dəfə səfər etdiyini də söyləyib:
“Azərbaycanı çox bəyəndim. Bu səhər metroda olarkən insanlar yaxınlaşıb özlərini təqdim etdilər. Hamı çox mehriban və səmimi davranır. Bura həqiqətən çox gözəldir”, - deyə o qeyd edib.