Bakı. Trend:
Yerli və regional hakimiyyət orqanları bu gün hər zamankından daha önəmlidir.
Trend xəbər verir ki, , bunu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerli səviyyədə təşviqi platforması olan "Local2030" Koalisiyasının Katibliyinin rəhbəri Sebastyen Vozel WUF13 çərçivəsində keçirilən Yerli və Regional Hakimiyyət Orqanlarının Ümumdünya Assambleyasının sessiyasında deyib.
“Dünyada çoxtərəflilik və dayanıqlı inkişafı əhatə edən sistem böhranları fonunda yerli və regional hakimiyyət orqanları bu gün hər zamankından daha böyük önəm daşıyır – təkcə qlobal məqsədlərin icraçıları kimi deyil, eyni zamanda həllərin həmmüəllifləri, dəyişikliklərin liderləri və dayanıqlı inkişaf proseslərinə bütün tərəflərin daha geniş cəlb olunmasının katalizatorları kimi”, – deyə o bildirib.
Vozelin sözlərinə görə, yerli hakimiyyət orqanlarının rolu mənzil və iqlim böhranlarından tutmuş geosiyasi qeyri-sabitliyə qədər müasir çağırışların aradan qaldırılmasında xüsusi əhəmiyyət daşıyır.
“Siz təkcə böhranların aradan qaldırılmasının deyil, həm də davamlı sülhün qurulmasının ön cəbhəsindəsiniz”,- deyə o vurğulayıb.
O qeyd edib ki, sülh sadəcə müharibənin olmaması demək deyil, eyni zamanda hər bir insan üçün hüquqların və layiqli həyat şəraitinin təmin edilməsi deməkdir.
“Sülh sosial-iqtisadi, siyasi və mədəni hüquqlara hörmətdir. Məhz yerli və regional hakimiyyət orqanları sosial xidmətlərə, layiqli əməyə və əlverişli ətraf mühitə çıxışı təmin edir”, - deyə Vozel bildirib.