Bakı. Trend:
Azərbaycanın təcrübəsi mənzil sektorunda çevik dövlət-özəl tərəfdaşlığı modellərinin vacibliyini göstərir.
Trend xəbər verir ki, bunu "PwC" şirkətinin direktoru Günel Sadiyeva Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Biznes-assambleyanın dövlət-özəl tərəfdaşlığına həsr olunmuş sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, postsovet məkanında, o cümlədən Azərbaycanda 1990-cı illərin əvvəllərindən etibarən əhalinin əhəmiyyətli hissəsinin mənzilə sahib olduğu model formalaşıb.
“Lakin onilliklər sonra bu evlərin bir çoxu köhnəlib və təhlükəli vəziyyətə düşüb ki, bu da onların yenilənməsi və yeni mənzillərlə əvəz olunması zərurətini yaradıb.
Azərbaycanda bu problemin həlli üçün “pilot layihələr” adlandırılan mexanizm tətbiq olunur. Bu çərçivədə köhnə yaşayış binaları sökülür, onların yerində isə özəl devloperlər tərəfindən müasir yaşayış kompleksləri inşa edilir. Eyni zamanda tikinti üçün torpaq özəl sektora verilir ki, bu da yeni mənzillərin bazar prinsipləri əsasında satışı hesabına xərclərin kompensasiya edilməsinə imkan yaradır”, – deyə direktor bildirib.
O həmçinin xatırladıb ki, regionun digər ölkələrində, o cümlədən Qazaxıstanda da oxşar yanaşmalar tətbiq olunub. Belə ki, sakinlərin köçürülməsini təmin etmək öhdəliyi ilə köhnə yaşayış fondunun yenilənməsinə özəl şirkətlər cəlb edilib.
G.Sadıyeva ayrıca olaraq dövlət-özəl tərəfdaşlığının inkişafı üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.