Bakı. Trend:
Münaqişələr şəhər bərpası və mənzil təminatına ciddi ziyan vurur.
Trend xəbər verir ki, bunu İranın Yol və Şəhərsalma nazirinin şəhərsalma və memarlıq üzrə müavini Gholamreza Kazemian WUF13 çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında deyib.
O bildirib ki, İran şəhərsalma və humanitar mühitin yaxşılaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığa sadiqdir və şəhər inkişafı proqramlarını davam etdirir.
“Biz urban infrastrukturun genişləndirilməsi, sosial həssas qruplar üçün mənzil təminatı və dayanıqlı şəhər inkişafı istiqamətində mühüm addımlar atmışıq”, – deyə o bildirib.
Rəsmiyə görə, şəhərsalma proqramları icmaların risklərin idarə olunmasına və iqlim dəyişikliklərinə uyğunlaşmasına töhfə verir. O qeyd edib ki, münaqişələr şəhər infrastrukturu və mənzil fonduna ciddi ziyan vurur:
“Müharibələr nəticəsində minlərlə ev dağıdılır, insanlar evsiz qalır və bu, şəhərlərin dayanıqlı inkişafına mane olur”, – deyə o vurğulayıb.
Nazir müavini əlavə edib ki, şəhər bərpası və münaqişələrdən zərər çəkmiş ərazilərin yenidən qurulması əsas prioritetlərdən biridir.
“Biz daha dayanıqlı şəhərlər qurmaq üçün enerji, su və nəqliyyat sistemlərinin bərpasına yönəlmiş praktik həllər həyata keçiririk”, – deyə o bildirib.
Çıxışının sonunda o, dünyada uşaqların təhlükəsiz və layiqli mənzil şəraitində yaşamasının vacibliyini vurğulayaraq beynəlxalq ictimaiyyətə çağırış edib.