Azərbaycan xalqı tarix boyu mübarizə yolunu seçib, heç kimin torpağında gözü olmadığı kimi, heç bir işğal və müdaxilə ilə də barışmayıb. Bəzən bu mübarizədə inandığı, etibar etdiyi müttəfiqlər olub, çox zaman bu müttəfiqlik Azərbaycana münasibətdə uğurlu olmayıb. Bu cəhətdən Qərb dövlətləri Azərbaycana münasibətdə ədalət və dürüstlük nümayiş etdirməmişlər. 16-17-ci əsrlərdə Avropa dövlətləri Osmanlı yürüşlərindən qurtulmaq üçün Səfəvi tərəfini önə çıxardılar. Səfəvi dövlətini odlu silahla təchiz etməyi öhdəlik kimi üzərinə götürdülər. Avropa dövlətləri Səfəviləri istədiyindən yox, iki türk dövlətini qarşı-qarşıya qoymaq üçün gecə-gündüz çalışdılar və müəyyən qədər istədiklərinə nail oldular. Biri süqut etdi, birisi isə kifayət qədər zəiflədi, Avropanın da istədiyi bu idi.
19-cu əsrin əvvəllərində çar Rusiyası müstəqil Azərbaycan xanlıqlarının işğalına başlayarkən Fransa və İngiltərə işğala məruz qalan tərəfi yox, bu müharibələrdə nələri qazanmağı planlaşdırırdılar. Son nəticədə Rusiya ilə Qacarlar arasında bağlanan Gülüstan və Türkmənçay müqavilələrinə görə Azərbaycan torpaqları iki yerə parçalandı və iki dövlətin müstəmləkəsinə çevrildi. Avropa dövlətlərinin maraqları müəyyən qədər təmin olunduğu üçün bu ədalətsizliyə etiraz etmədilər. Çar Rusiyası kimi Avropa dövlətləri də yüz minlərlə erməninin Azərbaycan torpaqlarında məskunlaşmasına xeyir-dua verdilər.
1918-ci ildə Azərbaycan xalqı Müsəlman Şərqində ilk parlamentli Respublikanın əsasını qoydu. Təəccüblüdür ki, Birinci dünya müharibəsinin nəticələrinə həsr olunan Paris Sülh Konfransında Avropa dövlətləri Ermənistanı qalib dövlət kimi qəbul edir, Azərbaycanı isə bu mötəbər tədbirə çağırmamaq üçün min bəhanədən istifadə edirdilər. Cənubi Qafqazla heç bir əlaqəsi olmayan erməniləri hər bir məsələdə müdafiə edir, Naxçıvan və Qarabağ torpaqlarının ermənilərə verilməsi üçün hər cür tələblər irəli sürürdülər. 1918-1920-ci illərdə on minlərlə azərbaycanlı erməni hərbi birləşmələri tərəfindən soyqırıma məruz qaldılar. Amma Avropa dövlətləri Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin haqlı iddialarını qəbul etməkdən imtina etdi. Əvəzində ABŞ-ın prezidenti Vudro Vilson Parisdə Azərbaycan nümayəndə heyətini könülsüz qəbul edir, Ermənistanla bağlı deyirdi:” ABŞ-da prezidentliyim başa çatandan sonra, kaş Ermənistanda Prezidentlik İnstitutu yaradılaydı və mən onun Prezidenti olaydım”. Paris Sülh Konfransı Azərbaycanı müstəqil dövlət kimi tanımaq əvəzinə Avropa dövlətlərindən birinin himayəsini qəbul etməyi məsləhət bilirdi. Amma Azərbaycan tərəfi bi təklifi birmənalı rədd etdi, mübarizəsini davam etdirdi və 1920-ci ilin yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanı de-fakto tanıdı. 1918-1920-ci illərdə uğurla fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti sovet Rusiyasına qarşı mübarizədə Avropa dövlətlərindən vəd verilməsinə baxmayaraq, heç bir yardım ala bilmədi, amma Azərbaycan neftini Avropaya daşımaqda maraqlı idilər. 20-ci əsrin sonlarında nəhəng sovet imperiyası süqut etdi. Vaxtilə sovet Rusiyası tərəfindən işğala məruz qalan Azərbaycan xalqı öz müstəqilliyini elan etdi. Çox təəssüflər olsun ki, elan etdiyimiz müstəqilliyin şirinliyini dada bilmədik. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq hüququn norma və prinsiplərinə baxmayaraq, uzun illər ərzində Azərbaycanın haqq səsi lazımi səviyyədə eşidilməmiş, münaqişənin həlli ilə məşğul olan beynəlxalq institutlar isə öz missiyalarını yerinə yetirə bilməmişdir. Ermənistanın işğalçılıq siyasətini pisləmək əvəzinə ABŞ Konqresi Azərbaycana qarşı 907-ci düzəlişi tətbiq etdi. Halbuki Azərbaycan torpaqları işğal olunmuşdu, Naxçıvan erməni hərbi birləşmələri tərəfindən blokadaya məruz qalmışdı. Xüsusilə ATƏT-in Minsk qrupu fəaliyyətsizlik, ikili standartlar və siyasi riyakarlığın simvoluna çevrilmişdir. 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər isə bölgədə tamamilə yeni siyasi reallıq yaratdı.
ATƏT-in Minsk qrupu: Diplomatik uğursuzluğun simvolu
1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun əsas məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq idi. Lakin 30 ilə yaxın müddətdə bu qurum nəinki problemi həll etmədi, əksinə, status-kvonun qorunmasına xidmət etdi. ABŞ, Rusiya və Fransadan ibarət həmsədrlər faktiki olaraq Ermənistanın işğal siyasətinə şərait yaratdılar. Bu dövlətlərin hər biri BMT Təhlükəsizlik Şurasının daimi üzvü və nüvə dövlətidir. Onların ortaq maraqları ilk növbədə geosiyasi təsir imkanlarının qorunması, Cənubi Qafqaz üzərində nəzarətin saxlanılması və bölgədə balans siyasətinin idarə olunması ilə bağlı idi. Azərbaycan torpaqlarının işğalı isə uzun illər həmin dairələr üçün təzyiq alətinə çevrilmişdi. Ən böyük paradokslardan biri isə o idi ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb etsə də, həmin qətnamələrin icrası təmin olunmurdu. Dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir, bəzi hallarda qərarlar dərhal icra olunur, Azərbaycan məsələsində isə tamamilə fərqli münasibət sərgilənirdi. Bu yanaşma beynəlxalq münasibətlər sistemində ikili standartların açıq təzahürü idi. Prezident İlham Əliyev beynəlxalq tribunalarda dəfələrlə bu həqiqətləri açıq şəkildə səsləndirmiş, Minsk qrupunun fəaliyyətsizliyini sərt şəkildə tənqid etmişdir. Dövlət başçısı açıq bəyan edirdi ki, əgər beynəlxalq hüquq işləmirsə, Azərbaycan öz gücü hesabına ədaləti bərpa edəcək. 2020-ci ilin 44 günlük Vətən müharibəsi bu qətiyyətin nəticəsi oldu. Müharibədən sonra Azərbaycana gəlmək istəyən həmsədrlərə faktiki olaraq onların artıq heç bir rolunun qalmadığı göstərildi. Prezident İlham Əliyevin “biz sizi dəvət etməmişik” mesajı diplomatik müstəvidə yeni reallığın ifadəsi idi. Minsk qrupu illər boyu bölgəyə formal səfərlər edən, real nəticə ortaya qoymayan “qastralyor diplomatiyası” ilə yadda qaldı. Xüsusi nümayəndə Anji Kasprşik isə uzun illər bu prosesi yüksək maaşlı bir fəaliyyət sahəsinə çevirmişdi. İşğal dövründə Azərbaycan şəhərləri dağıdılır, tarixi və dini abidələr məhv edilir, sərvətlər talan olunurdu. Qanunsuz məskunlaşma aparılır, yeni tikintilər həyata keçirilirdi. Lakin beynəlxalq vasitəçilər buna qarşı ciddi münasibət bildirmirdilər. Həmsədrlər daim “münaqişənin hərbi həlli yoxdur” tezisini irəli sürür, Azərbaycanı təslimçi kompromisə sövq etməyə çalışırdılar. Hətta “Dağlıq Qarabağ” anlayışını dəyişərək “Şimali Qarabağ” kimi terminlərdən istifadə etməyə başlamışdılar. Bütün bunlar Azərbaycanın suveren hüquqlarına hörmətsizlik idi. Azərbaycan Ordusu və xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi Zəfərə nail olaraq BMT qətnamələrini özü icra etdi. Bununla da ATƏT-in Minsk qrupu tarixə diplomatik utanc, riyakarlıq və müstəmləkə təfəkkürünün nümunəsi kimi düşdü.
Ermənistanın müstəqil siyasət yürütmək qabiliyyətinin zəifliyi
Tarixi inkişaf prosesinə nəzər saldıqda görünür ki, Ermənistan heç vaxt tam müstəqil siyasi xətt yürüdə bilən dövlət olmayıb. Müxtəlif dövrlərdə böyük güclərin himayəsinə sığınaraq öz siyasətini həyata keçirməyə çalışıb. Uzun illər Rusiyanın siyasi və hərbi dəstəyi ilə mövcudluğunu qoruyan Ermənistan bu gün Fransanın himayəsinə ümid bağlayır. Fransa isə Ermənistandan Cənubi Qafqazda geosiyasi alət kimi istifadə etməyə çalışır. Paris rəhbərliyi öz neokolonialist siyasətini yeni coğrafiyalara daşımaq niyyətindədir. Afrikada nüfuzunu itirən Fransa indi regionda təsir imkanlarını genişləndirməyə çalışır. Bu siyasətin tərkib hissəsi kimi Ermənistan silahlandırılır, anti-Azərbaycan ritorikası təşviq edilir. BMT və Qoşulmama Hərəkatı çərçivəsində dəfələrlə neokolonializmə qarşı sənədlər qəbul olunmuş, Fransanın keçmiş müstəmləkələrdə həyata keçirdiyi siyasət tənqid edilmişdir. Azərbaycan da Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu məsələləri daim gündəmdə saxlamışdır.
Fransa və Emmanuel Makronun qərəzli siyasəti
Fransa Prezidenti Makron son illərdə açıq şəkildə Ermənistana dəstək nümayiş etdirərək bölgədə vasitəçilik imkanlarını tamamilə itirmişdir. Prezident İlham Əliyev Zəngilanda məcburi köçkünlərlə görüşündə bu məsələyə toxunaraq bəzi xarici liderlərin “saxta qəhrəman” obrazı yaratmağa çalışdığını vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, 2020-ci ildə həmin liderlər Ermənistanı müdafiə etmək üçün heç bir real addım atmadılar, bu gün isə populist bəyanatlarla gündəmə gəlməyə çalışırlar. Makronun Fransadakı siyasi reytinqinin aşağı düşməsi, daxili narazılıqlar və sosial böhran onun xarici siyasətdə populist addımlar atmasına səbəb olur. Ermənistan məsələsi də bu siyasətin elementlərindən biridir. Makronun Ermənistana səfər zamanı Türkiyə üzərindən keçmək planı da regional reallıqlar fonunda uğursuzluğa düçar oldu. Prezident İlham Əliyev və Receb Tayyip Erdoğan tərəfindən formalaşdırılan strateji xətt göstərdi ki, bölgənin siyasi gündəliyini artıq Bakı və Ankara müəyyən edir. Azərbaycan-Türkiyə qardaşlığı regionda sabitliyin və təhlükəsizliyin əsas təminatçısına çevrilib. Bəzi dairələrin bu birliyi zəiflətmək cəhdləri isə nəticəsiz qalır.
Sülh prosesi və yeni geosiyasi reallıqlar
Bu gün Azərbaycan regionda sülh gündəliyinin əsas təşəbbüskarıdır. Bakı dəfələrlə Ermənistanla münasibətlərin normallaşdırılması üçün konkret təkliflər irəli sürmüşdür. Ermənistan isə bəzən müxtəlif beynəlxalq platformalarda imitasiya xarakterli tədbirlər keçirməklə prosesi manipulyasiya etməyə çalışır. Belə bir şəraitdə Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqı missiyasının yerləşdirilməsi ciddi suallar doğurur. Əgər sülh prosesi gedirsə və tərəflər bunu rəsmən bəyan edirsə, o zaman bu missiyanın məqsədi nədir? Bir çox hallarda həmin missiyanın bölgədə gərginliyi artırmaq və kəşfiyyat xarakterli fəaliyyət göstərmək niyyəti daşıdığı barədə fikirlər səslənir. Bu prosesin əsas təşəbbüskarlarından biri də Fransadır. Bir neçə il əvvəl başlanan “binokl diplomatiyası” bu gün də davam edir. Xarici müşahidə missiyalarının bölgəyə yerləşdirilməsi bəzi qüvvələrin Cənubi Qafqazda yeni təsir mexanizmləri formalaşdırmaq cəhdindən xəbər verir. Azərbaycan isə açıq şəkildə bəyan edir ki, əgər Ermənistanda revanşist qüvvələr yenidən hakimiyyətə gələr və ölkəmizə qarşı təhdidlər yaranarsa, bütün lazımi qabaqlayıcı tədbirlər görüləcək. 2020-ci ildə Prezident İlham Əliyev təkcə Ermənistan ordusuna deyil, eyni zamanda onillərlə formalaşdırılmış saxta siyasi miflərə də qalib gəldi. Robert Köçəryan və Serj Sarkisyan kimi şəxslərin təmsil etdiyi ideologiya darmadağın edildi. Əslində, bu qələbə 200 illik ədalətsiz geosiyasi düzənin dəyişməsi demək idi.
WUF13 və Azərbaycanın beynəlxalq nüfuzu
Azərbaycanın ev sahibliyi edəcəyi WUF13 — Dünya Şəhərsalma Forumuna hazırlıq prosesi də ölkəmizin beynəlxalq nüfuzunun göstəricilərindən biridir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri dünya miqyasında maraq doğurur. Qısa müddətdə dağıdılmış şəhərlərin yenidən qurulması Azərbaycanın iqtisadi gücünü, siyasi iradəsini və idarəçilik modelini nümayiş etdirir. Bu forum həm də postmünaqişə dövründə Azərbaycanın təqdim etdiyi inkişaf modelinin beynəlxalq səviyyədə tanınmasına xidmət edəcək.
Qlobal qarşıdurmalar və Azərbaycandakı sabitlik
Son illərdə dünyada geosiyasi qarşıdurmaların artması qlobal iqtisadiyyata ciddi təsir göstərir. İran-İsrail-ABŞ qarşıdurması və xüsusilə Hörmüz boğazı ətrafında yaranan gərginlik dünya enerji bazarını təhlükə altına salır. Dünya neftinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında mümkün blokada ehtimalı ərzaq və enerji qiymətlərinin artmasına səbəb olur. Müharibələr, iqtisadi sanksiyalar və siyasi qarşıdurmalar fonunda Azərbaycan sabitlik adasına çevrilmişdir. Ölkəmizdə ictimai-siyasi sabitlik qorunur, iqtisadi layihələr davam etdirilir, sosial rifah proqramları həyata keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət nəticəsində Azərbaycan həm regional lider, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib. Bu gün Azərbaycan xalqı təhlükəsizlik, sabitlik və inkişaf şəraitində yaşayırsa, bu, dövlətimizin güclü siyasi iradəsinin və milli həmrəyliyimizin nəticəsidir.
Nəticə etibarilə, 44 günlük Vətən müharibəsi təkcə hərbi qələbə deyil, həm də beynəlxalq münasibətlər sistemində yeni reallığın formalaşması idi. Azərbaycan öz haqqını özü təmin etdi, beynəlxalq hüququn işləmədiyi şəraitdə ədaləti bərpa etdi və regionda yeni geosiyasi düzən qurdu. Bu reallığı qəbul etməyən qüvvələr isə zaman keçdikcə tarixin kənarında qalmağa məhkumdurlar. Anar İsgəndərov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri