19 apreldə keçirilən imtahanda sadəcə 1 nəfər maksimum nəticə göstərib.
Modern.az-a bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda ən yüksək nəticəni 300 bal toplayan Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbinin cari il məzunu Babazadə Ayxan Asiman oğlu göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.
Həmçinin, bu imtahanlarda iştirakı nəzərdə tutulan 37 593 nəfərdən 2205 nəfər imtahana gəlməyib. 14 nəfər tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.
Xatırladaq ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 may saat 10:00-dan 20 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.
Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir.