Bakı. Trend:
Bilik istehsalı əsas boşluqların aradan qaldırılmasına yönəldilməlidir, bu boşluqlar isə kontekstual xarakter daşıyır və regionlara, ölkələrə, eləcə də institusional səviyyəyə görə fərqlənir.
Trend xəbər verir ki, bunu UN-Habitat-ın Qlobal Bilik və Təbliğat şöbəsinin potensialın inkişafı bölməsinin proqramlar üzrə əməkdaşı Rafael Vinyol “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” beynəlxalq konfransının gedişində bildirib.
Onun sözlərinə görə, potensialın inkişafı müxtəlif səviyyələrdə baş verir, həm universitet proqramları və peşə təlimlərində iştirak edən ayrı-ayrı mütəxəssislər səviyyəsində, həm də institusional imkanlar səviyyəsində. Bu institusional imkanlar təşkilatların özünü, eləcə də dayanıqlı şəhər inkişafına cəlb olunan müxtəlif strukturlar daxilində və onların arasında qarşılıqlı fəaliyyət mexanizmlərini əhatə edir.
UN-Habitat nümayəndəsi qeyd edib ki, beynəlxalq və milli çərçivə sənədlərinin, o cümlədən milli şəhər siyasətləri və lokal alətlərin mövcudluğuna baxmayaraq, əsas çətinlik onların praktik icrasındadır.
“Bizdə normativ arxitektura mövcuddur, lakin əsas sual bu çərçivələrin müxtəlif kontekstlərdə tətbiqi üçün potensialın necə gücləndirilməsidir”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, mühüm vəzifələrdən biri müxtəlif şəhərlərdə və maraqlı tərəflərin müxtəlif qrupları arasında formalaşan praktik təcrübənin toplanması və yayılmasıdır.