Türküstan.Trend:
Bu gün Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığın inkişafına mühüm təkan verəcək.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun Asiya araşdırmaları şöbəsinin aparıcı eksperti Bauırjan Auken TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində jurnalistlərə deyib.
“Sammit ölkələrimiz arasında gələcək əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır”, – deyə o bildirib.
Auken qeyd edib ki, sammitdə əsas diqqət rəqəmsal iqtisadiyyat, süni intellekt və kibertəhlükəsizlik məsələlərinə yönəlib. Onun sözlərinə görə, bu mövzular Qazaxıstan Prezidentinin ötən il Qəbələ şəhərində keçirilən sammitdə səsləndirdiyi təşəbbüslərin davamıdır.
“Bugünkü sammit məhz Qəbələ şəhərində səsləndirilən təşəbbüslərin davamıdır. Bu sammit qeyri-sabitlik və turbulentlik dövründə əməkdaşlığın genişləndirilməsinə mühüm təkan verəcək”, - deyə ekspert vurğulayıb.
O, həmçinin nəqliyyat marşrutlarının, xüsusilə Orta Dəhliz layihəsinin inkişafına, eləcə də bunun Zəngəzur dəhlizi ilə əlaqəsinə diqqət çəkib.
“Qazaxıstan və Azərbaycan gələcəkdə Orta Dəhliz ilə Zəngəzur dəhlizi arasında bağlantının inkişafına hədəflənib. Burada ölkələrimizin rolu əhəmiyyətlidir, belə ki, biz təşkilatın qurucu üzvləri və əməkdaşlığın əsas hərəkətverici qüvvələriyik”, - deyə Auken əlavə edib.
Bundan əlavə, o, yeni formalaşmağa başlayan TDT+ formatına dəstəyini qeyd edərək vurğulayıb ki, sammit yalnız təşkilatın və çoxtərəfli əlaqələrin inkişafına deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə töhfə verəcək.