Azərbaycan Mədəniyyəti 2040 Mədəniyyət konsepsiyası nazirliyin qarşısına konkret öhdəliklər qoyub.
Modern.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Real TV”ə müsahibəsində bildirib.
Nazir bildirib ki, bu konsepsiya ilə ilk dəfə olaraq Azərbaycan dili Azərbaycan mədəniyyətinin müstəqil sahəsi kimi müəyyən edilib:
Mədəniyyət nazirliyi bu sahədə ciddi işlərə başlayıb
“Bu, əslində, həqiqətən ciddi bir yanaşmadır. Bizim, xüsusilə Azərbaycan dilinə olan yanaşmamızı, onun mədəniyyətdə oynadığı rolu, funksionallığını ifadə etmək üçündür. Bu istiqamətdə Mədəniyyət Nazirliyi olaraq artıq ciddi işlərə başlanılmışdır. Bunların əsasında isə Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramının hazırlanması durur”.
A. Kərimli qeyd edib ki, bu fəaliyyət qısa müddətdə mütəxəssislərlə birlikdə Azərbaycan dilinin inkişafını, onun nəinki ölkəmizdə, həm də regionda əsas ünsiyyət vasitəsi kimi rolunun artmasını, beynəlxalq mədəni mübadilədə onun rolunun və yerinin artmasını və onun xüsusi şəklinin müəyyən edilməsini, eyni zamanda qloballaşan dünyada, xüsusi rəqəmsal platformalarda Azərbaycan dilinin öz üstünlüyünün və öz yerinin müəyyən edilməsi ilə bağlı artıq konkret nəticələri proqnozlaşdırmağa və həyata keçirməyə imkan verəcəkdir.