Bakı. Trend:
Elektron Təhlükəsizlik Xidməti kiberdələduzluq cəhdləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Qurumdan Trend-ə verilən məlumata görə, son dövrlər sosial şəbəkələrdə “cərimələrin ödənilməsi”, “cəriməyə endirim”, “borcun bağlanılması” və oxşar məzmunlarla reklam edilən bəzi internet səhifələrinin fişinq məqsədilə istifadəsi müşahidə olunur.
Bildirilib ki, aparılan monitorinqlər zamanı bir sıra saxta internet resurslarının rəsmi dövlət platformalarını təqlid edərək istifadəçilərin bank kartı məlumatlarını və digər fərdi məlumatlarını ələ keçirməyə cəhd göstərdiyi müəyyən olunub.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara sosial şəbəkələrdə yayılan şübhəli reklamlara etibar etməməyi, naməlum keçidlər vasitəsilə ödəniş əməliyyatları aparmamağı, kart məlumatlarını, CVV/CVC və təsdiq kodlarını üçüncü şəxslərlə paylaşmamağı, ödənişləri yalnız rəsmi və dövlət informasiya sistemləri üzərindən həyata keçirməyi, daxil olduqları internet səhifələrinin domen ünvanlarını diqqətlə yoxlamağı tövsiyə edir.
Vətəndaşlara kiberdələduzluq halları ilə qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermək məsləhət görülür.

