Bakı. Trend:
Bakıda yaradılan Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platforması bir il ərzində coğrafi və siyasi fərqləri aşan beynəlxalq həmrəylik platformasına çevrilib.
Trend xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının I Baş Assambleyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən bu görüş ümumi iradənin, qarşılıqlı etimadın və Qlobal Cənubun güclənən səsinin canlı təzahürüdür. O vurğulayıb ki, Azərbaycan tarixən Qlobal Cənub ölkələri arasında körpü rolunu oynayıb və Bakı bu missiyanı beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi davam etdirir.
Həmçinin qeyd olunub ki, qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində ilk dəfə Qlobal Cənub QHT-lərinin vahid pavilyonu formalaşdırılıb və UN-Habitat təşkilatının dəstəyi ilə ayrıca sərgi zonası yaradılıb.
“Digər mühüm yenilik isə 19 mayda keçiriləcək QHT Forumu olacaq. WUF13 tarixində ilk dəfə təşkil olunan bu forum şəhərsalma və dayanıqlı inkişaf məsələlərində vətəndaş cəmiyyətinin qlobal tərəfdaş kimi rolunun gücləndirilməsinə töhfə verəcək”, - deyə o bildirib.