Bakı. Trend:
Oman sularında İran PUA-nın hücumuna məruz qalmış Birləşmiş Ərəb Əmirliklərinin neft şirkətinə məxsus “M.V.Barakah” tankerində yanacaq sızması qeydə alınıb.
Trend bu barədə xarici mediaya istinadla xəbər verir.
“ADNOC Logistics & Services şirkətinə məxsus “Barakah” gəmisi mayın 4-də İran pilotsuz uçuş aparatlarının zərbəsinə məruz qaldıqdan sonra Oman sahilləri yaxınlığında lövbərdə qalmaqda davam edir. Təəssüf ki, insident nəticəsində bunker yanacağının cüzi sızması qeydə alınıb”, – deyən şirkət nümayəndəsi telekanala sızmanın ehtimal olunan həcmini açıqlamayıb.
Şirkətdən bildirilib ki, vəziyyət nəzarətdə saxlanılır və müvafiq dövlət qurumları və xüsusi operativ reaksiya qrupları ilə sıx əməkdaşlıq şəraitində iş aparılır.