44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirlərindən sonra regionda yaranan yeni siyasi reallıqlar bəzi beynəlxalq dairələr tərəfindən hələ də tam qəbul edilmir. Bunu Modern.az-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov bildirib.
O qeyd edib ki, ATƏT-in Minsk qrupu və həmsədr ölkələr illərlə münaqişənin həllində real nəticə ortaya qoymadılar: “Minsk qrupu və həmsədr ölkələrin fəaliyyətsizliyi artıq hər kəsə məlumdur. Bu qurum faktiki olaraq münaqişənin davam etməsində maraqlı idi. İşğal faktının uzadılması, vəziyyətin dondurulmuş şəkildə saxlanılması müəyyən dairələrin maraqlarına uyğun gəlirdi. Nəticədə həm Minsk qrupu, həm də ona bağlı strukturlar tarixə qovuşdu”. Deputat qeyd edib ki, Azərbaycan öz gücü hesabına beynəlxalq hüququ təmin etdi: “Azərbaycan həm 2020-ci il Vətən müharibəsi, həm də 2023-cü ilin lokal antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələri də faktiki olaraq yerinə yetirildi”. Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin formalaşdırdığı yeni geosiyasi reallıq artıq beynəlxalq platformalarda da qəbul olunur: “8 avqust Vaşinqton razılaşmaları da göstərdi ki, regionda yaranmış yeni reallıq artıq beynəlxalq səviyyədə təsdiqlənir. Azərbaycan regionda həm hərbi, həm siyasi, həm də diplomatik təşəbbüsü öz əlində cəmləşdirib”. Millət vəkili bildirib ki, buna baxmayaraq, Azərbaycana qarşı təxribatçı yanaşmalar davam edir: “Biz bunu xüsusilə Avropa İttifaqının müşahidə missiyası adı altında Ermənistana yerləşdirilmiş EUMA-nın fəaliyyətində görürük. Onlar formal olaraq müşahidə missiyası kimi təqdim olunsalar da, əslində bölgədə fərqli fəaliyyətlə məşğuldurlar. Bu da regionda gərginliyi artıran amillərdən biridir”.