44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni siyasi reallıqlar və Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesi regionun əsas müzakirə mövzularından biri olaraq qalır. Xüsusilə Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqı missiyası, Qərbin bölgəyə artan marağı, eləcə də bəzi beynəlxalq dairələrin postmüharibə reallıqlarına yanaşması yenidən diqqət mərkəzinə çıxıb. Rəsmi Bakının sülh gündəliyinə sadiqliyini bəyan etdiyi bir vaxtda, regionda geosiyasi balansın necə dəyişdiyi və yeni reallıqları hansı qüvvələrin qəbul etmək istəmədiyi ilə bağlı müzakirələr daha da aktuallaşıb. Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan regionda tarixi ədaləti və beynəlxalq hüququ təmin edərək sabitlik yaradıb, müharibədən dərhal sonra isə sülh təşəbbüsü ilə çıxış edərək bunun üçün real hüquqi, siyasi və iqtisadi zəmin formalaşdırıb:
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva qeyd edib ki, Ermənistan tarix boyu öz milli təhlükəsizliyini müstəqil şəkildə qurmayıb: “O, müxtəlif dövrlərdə Rus İmperiyası, SSRİ və daha sonra kollektiv təhlükəsizlik sistemləri vasitəsilə müdafiə olunub, eləcə də digər böyük dövlətlərin himayəsinə bel bağlayıb. 1988-ci ildə Qarabağ münaqişəsinin başlanması təsadüfi partlayış deyildi, onilliklər boyu sistemli şəkildə hazırlanmış ideoloji və siyasi strategiyanın nəticəsi idi. Bu, diaspor şəbəkələri, siyasi mifologiya, xarici güclərlə əməkdaşlıq, mədəni təsir və hüquq diskursu vasitəsilə mərhələli şəkildə formalaşdırılmış irredentist layihənin məntiqi nəticəsi olan klassik hərbi işğal idi”. O bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı zamanı da Ermənistan müstəqil şəkildə hərbi uğur qazanmamış, əsasən bəzi xarici qüvvələrin dəstəyi ilə həmin işğalı reallaşdırmışdı. Bu, faktiki olaraq İrəvanın hərbi, siyasi və iqtisadi imkanlarının məhdud olması, qonşu ölkələrlə münasibətlərinin gərginliyi ilə bağlıdır. “Azərbaycan hər zaman müstəqil xarici siyasət yürüdüb və bu yolda xarici təzyiqlərə, hətta ağır itkilərə məruz qalıb. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycanın torpaqlarının işğal olunmasına baxmayaraq, ölkəmiz kənar dövlətlərin diqtə etdiyi şərtlərlə heç vaxt razılaşmayıb”. “Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövründə formalaşmış ən əsas prinsip ondan ibarətdir ki, ölkənin təhlükəsizliyinin əsas qarantı elə Azərbaycan dövlətinin özü olmalıdır. Yəni, ordu quruculuğu, iqtisadi güc və diplomatik siyasət daxili imkanlarla gücləndirilməlidir".