Amerikanın Nyu-York şəhərində Amerika Azərbaycan Gənclər və İdman Təşkilatının təşkilatçılığı ilə xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.
Metbuat.az xəbər verir ki, tədbirdə Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Amerika Azərbaycan təşkilat üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azerbaycan Nyu-York Cəmiyyətinin sədri Ercan Yerdelenli qonaqları Novruz bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb.
"Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb. Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın Ümummilli Lideri Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında demişdir: Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur".
Tədbirdə iştirak edən digər qonaqlar da xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında ətraflı məlumat verib və Novruz şirniyyatlarından dadıblar.
Tədbirdə çıxış edən musiqiçi qonaqlar - Xalq artisti Gülyanaq Məmmədova, Dresden simfonik orkestrinin solisti, Norveç musiqiçilər birliyinin üzvü, beynəlxalq müsabiqələr laureatı Şəbnəm Hüseyn və eləcə də Ülviyyə Rəhimova və digər musiqiçilər qonaqları öz musiqi təranələri ilə təbrik ediblər.