“Daşnaksütyun”un 2001-ci il sənədində yeni müharibənin Ermənistan üçün məğlubiyyətlə nəticələnəcəyi etiraf olunub.
Modern.az xəbər verir ki, Erməni İnqilabi Federasiyası – Daşnaksütyun partiyasının Büro tərəfindən 16 aprel 2001-ci il tarixində partiya orqanlarına ünvanlanmış daxili sirkulyarında diqqətçəkən etiraflar yer alıb.
Sənəddə qeyd olunur ki, əgər mövcud (Ki-Uest) planının qarşısı alınarsa, bunun yeni müharibə üçün formal əsas yarada biləcəyi istisna deyil. Bildirilir ki, belə bir müharibənin nəticəsi ən yaxşı halda həmin dövrdə təklif olunan variantla eyni olacaq, fərq yalnız onda olacaq ki, yeni şərtlər artıq Ermənistana məğlub tərəf kimi diktə ediləcək.
Mənbədə vurğulanır ki, daxili istifadəyə hesablanmış bu cür yanaşmanı sənədlərdə ifadə edib, eyni zamanda ictimaiyyət qarşısında tam əks mövqedən çıxış etmək – “regionun ən güclü ordusuna malikik, bir qarış belə torpaq verməyəcəyik” kimi bəyanatlar səsləndirmək siyasi ikiüzlülük kimi qiymətləndirilir.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Daşnaksütyun 2001-ci ildə Ermənistanın o zamankı prezidenti Robert Koçaryanla koalisiyada təmsil olunurdu. Bu isə həmin dövrdə ölkə rəhbərliyinin də yeni müharibənin Ermənistan üçün yalnız məğlubiyyətlə nəticələnə biləcəyi qənaətini bölüşdüyünü göstərir.