Perunun cənubunda hərbi helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan 15 nəfərin hamısı həlak olub, onların arasında 7 azyaşlı da var.
Modern.az xəbər verir ki, Peru Hərbi Hava Qüvvələrinə məxsus Rusiyada istehsal olunmuş Mi-17 tipli helikopter fevralın 23-də Arekipa bölgəsində, Çala Viexo yaşayış məntəqəsi yaxınlığında qəzaya düşüb.
Helikopter Pisko şəhərindən Çalaya daşqınlardan zərərçəkənlərin axtarış-xilasetmə işlərində iştirak etmək üçün uçurdu və yerli vaxtla saat 16:30 radələrində ekipajla əlaqə kəsilib.
Qəza nəticəsində 4 ekipaj üzvü və 11 sərnişin, o cümlədən bir neçə yeniyetmə və 3 yaşlı uşaq həyatını itirib. Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmaya başlanılıb. Bölgədə son günlər yağan güclü yağışlar sel və daşqınlara səbəb olub. (EFE)