İran ölkənin ali rəhbəri Ayətulla Seyid Əli Xameneinin fiziki olaraq vəzifədən kənarlaşdırılması və ABŞ ilə mümkün hərbi münaqişə halında idarəetmənin pozulması halında ehtiyat planı hazırlayır. Modern.az xəbər verir ki, bu barədə “Nyu-York” qəzeti İranın yüksək vəzifəli rəsmilərinə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)nümayəndələrinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Əli Xamenei səlahiyyətlərinin bir hissəsini məhdud sayda etibarlı şəxslərə həvalə edib və həm hərbi, həm də mülki sahələrdə çoxqatlı varislik sisteminin yaradılmasını əmr edib. Liderlərə ali rəhbərlə əlaqənin kəsilməsi və ya onun ölümü halında dörd potensial müavin müəyyən etmək tapşırılıb.
Xamenei əsas qərarların əlaqələndirilməsini parlamentin keçmiş spikeri və Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaniyə həvalə edib.
Onun təsiri son aylarda artıb: Laricani daxili təhlükəsizlik məsələlərinə, müttəfiqlərlə əməkdaşlığa nəzarət edir və Vaşinqtonla nüvə proqramı üzrə danışıqlarda iştirak edir.
İsraillə son gərginliklər fonunda Xamenei həmçinin üç potensial varisin adını çəkib, lakin onların adları açıqlanmayıb. Laricani din xadimi olmadığı üçün onların arasında deyil.
Tehran hesab edir ki, davam edən diplomatik əlaqələrə baxmayaraq, ABŞ-ın mümkün zərbə riski yüksək olaraq qalır. Buna cavab olaraq, İran hakimiyyəti silahlı qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirib və bir sıra hərbi təlimlər keçirib.