“Texniki müayinələr zamanı yanvar ayında 4300-ə qədər istismar müddəti bitmiş cihazın qaz təminatı dayandırılıb. Bu o demək deyil ki, həmin mənzilin tamamilə qaz təminatı dayandırılır. Sırf istismar müddəti bitən həmin cihazların qaz təminatı dayandırılır”.
Metbuat.az xəbər verir ki, bu fikirləri “Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib:
“Həmin mənzillərdə cihazlar dəyişdirildikdən sonra qaz təminatı bərpa edilir. Rayonlarda isə 2000-ə yaxın belə hal müşahidə edilib. Qaydalara uyğun olaraq cihazlar normativlərə uyğun qurularsa, cihazlara qaz verilişi bərpa edilir. Adətən belə cihazlarla qayda pozuntuları həyət evlərində daha çox müşahidə edilir. “Azəriqaz" İstehsalat Birliyi bu istiqamətdə öhdəsinə düşən məsələləri həll edir. Vətəndaşlar Birliyin yerlərdəki nümayəndələrinə müraciət edib, mənzillərinə növbədənkənar baxış keçirilməsinə şərait yarada bilər”.
Metbuat.az