Fövqəladə Hallar Nazirliyi (FHN) bədbəxt hadisə nəticəsində həlak olan və yaralanan əməkdaşları barədə açıqlama verib. Modern.az xəbər verir ki, rəsmi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu gün saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb ediliblər. Hadisə zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib.
Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. E.Tağıyevin həyati təhlükəsi yoxdur.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.