Yəqin çoxları bilmir ki, Azərbaycan Ağsaqqallar Şurasının rəhbər orqanı olan İdarə Heyətində kişilərlə yanaşı, qadınlar da təmsil olunur. Qurumun İdarə Heyəti sədrdən, onun müavinlərindən və üzvlərdən ibarətdir.
İdarə Heyətinin sədri həm də Azərbaycan Ağsaqqallar Şurasının sədridir ki, bu postda da hazırda Milli Məclisinin deputatı Eldar Quliyev çalışır.
İdarə Heyətində hazırda 28 nəfər təmsil olunur. Onların arasında Milli Məclisin keçmiş və indiki deputatları, məmurlar, iş adamları, elm adamları, din xadimi, Milli Qəhrəman var. Maraqlıdır, bəs Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətindəki qadınlar kimlərdir? Modern.az-ın məlumatına görə, hazırda Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətində 2 qadın təmsil olunur. Həmin qadınlar Zərifə Salahova və Aqiyə Naxçıvanlıdır.
Zərifə Teymur qızı Salahova 1932-ci il fevralın 2-də Bakı şəhərində doğulub. 1952-ci ildə Sabir adına Pedaqoji məktəbi bitirib. 1952-1956-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1956-1958-ci illərdə orta məktəbdə ibtidai sinif pedaqoqu, rusdili və ədəbiyyatı müəllimi işləyib. 1958-1962-ci illərdə "Minqeçaurskiy raboçiy" və "Kommunist Sumqaita" qəzetlərinin əməkdaşı olub. 1962-1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı, mühazirəçisi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib. 1970-1981-ciillərdə Azərbaycan KPMK-nın təşkilat-partiyaişi şöbəsinin partiya informasiya sektorunun müdiri olub. 1981-1993-cü illərdə Azərbaycan SSR Kitab Həvəskarları Könüllü Cəmiyyətinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutub. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.
1993-cü ildən "Kitab" Cəmiyyəti İdarə Heyətinin, 2002-ci ildən isə Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədridir. Onun yaratdığı Miniatür kitab muzeyi 2 aprel 2002-ci ildə fəaliyyətə başlayıb. 2005 və 2010-cu illərdə Milli Məclisi tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti Müşahidə Şurasının üzvü təyin edilib.
Zərifə Salahova 2007-ci ildə Azərbaycanda kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni və 2022-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.
Dünya şöhrətli rəssam Tahir Salahovun bacısıdır. Aqiyə Naxçıvanlı isə Milli Məclisinin sabiq deputatı, Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rektoru, siyasi elmlər doktoru, professordur.