Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması, normallaşma prosesinin sürətlə irəliyə doğru hərəkət etməsi Türkiyə ilə Ermənistan münasibətlərinə də təsir edib. Belə ki, Türkiyə ilə Ermənistan arasındakı sərhəd-keçid məntəqələrinin açılması istiqamətində danışıqlar gedir. Türkiyə sərhədlərin yekun olaraq açılmasının ancaq Azərbaycanın razılığı ilə mümkün olduğunu bildirir. Yəni bu, Ermənistan Azərbaycan ilə münasibətlərdə atacağı addımlardan asılı olacaq.
Modern.az xatırladır ki, Türkiyənin Ermənistanla iki sərhəd-keçid məntəqəsi mövcuddur.
Bunlardan biri Türkiyənin İğdır vilayəti ilə Ermənistanın Armavir bölgəsində yerləşən Alican-Marqara, digəri isə Türkiyənin Qars vilayəti ilə Ermənistanın Gümrü ərazisində yerləşən Akyaka-Axuryan sərhəd-keçid məntəqəsidir. Hər iki sərhəd-keçid məntəqəsi də 1993-cü ildən bağlıdır. Səbəb isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olub.
Alican-Marqara Sərhəd-Keçid Məntəqəsi
1993-cü ildən bəri mülki keçidlər üçün bağlı qalan, ötən il isə yalnız humanitar zərurət-zəlzələ yardımlarının çatdırılması məqsədilə müvəqqəti olaraq istifadəyə verilən Alican Sərhəd Keçid Məntəqəsinin daimi fəaliyyətə başlaması üçün Türkiyə tərəfindən bütün işləri başa çatdırılmaq üzrədir. Bu barədə İğdır valisi Fırat Taşolar ictimaiyyətə bildirib. Vali Taşolar texniki heyətlə birlikdə əraziyə səfər edib və burada qeyd edib ki, lazımi işlər qısa müddətdə yekunlaşdırılacaq. Ankara bu məsələdə atdıı addımlarla qərarlı olduunu göstərir. Bundan sonra top Ermənistan tərəfindədir.
Ekspertlərin fikrincə, Alican-Marqara Sərhəd-Keçid Məntəqəsinin açılması Qafqaz istiqamətində logistika marşrutlarının qısaldılması baxımından üstünlüklər vəd edir. Türkiyənin Orta Asiya və Cənubi Qafqaz bazarlarına çıxışında alternativ və daha səmərəli nəqliyyat xəttinin formalaşmasının regional ticarət axınları baxımından müsbət təsir göstərə biləcəyi qeyd edilir. Eyni zamanda Alican sərhəd-keçidinin açılması “qapalı sərhəd” psixologiyasının yumşalmasına və qarşılıqlı insan təmaslarının artmasına zəmin yarada bilər. Qarşılıqlı səfərlərin intensivləşməsi regionda xidmət sektorunun inkişafına təkan verməklə yanaşı, Türkiyə-Ermənistan münasibətlərində etimad mühitinin formalaşmasına da dolayı töhfə verə bilər.
Akyaka-Axuryan sərhəd-keçid məntəqəsi
Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən il bildirmişdi ki, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanmadan Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasına getməyəcək.
“Əgər biz münasibətləri indidən normallaşdırsaq, Ermənistanın sülh sazişi imzalaması üçün mövcud olan ən əsas motivasiyanı aradan qaldırmış olarıq”,-Fidan demişdi.
Bu açıqlamadan sonra Türkiyə Xarici İşlər Nazirliyi türk və erməni səfirlərinin Akyaka-Axuryan sərhəd-keçid məntəqəsinə baxış keçirdiyini və Qars-Gümrü dəmir yolu bağlantısının yenidən qurulması planlarını irəli aparmaq məqsədilə Ermənistanın sərhəd şəhəri Gümrüdə bir araya gəldiklərini bildirib.
Qurumun məlumatına görə, dəmir yolu xətlərinin yenilənməsi prosesinin təxminən beş ay davam edə biləcəyi qeyd olunub. Yerli rəsmilər isə Türkiyənin əlavə olaraq sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə bölgədə sərhəd patrulları üçün yeni yollar inşa etdiyini vurğulayıblar.
Ekspertlər Gümrü-Qars dəmir yollarının Ermənistan hissəsi üçün 33 milyon dollar vəsaitə ehtiyac olduğunu qeyd edir.