Bu gün Türkiyədə 3 il əvvəl baş vermiş dağıdıcı zəlzələnin ildönümüdür. 2023-cü ilin fevralında Kahramanmaraş mərkəzli zəlzələ bir neçə vilayəti əhatə edərək minlərlə insanın həyatını alt-üst etdi. Bu faciə təkcə Türkiyənin deyil, bütün regionun, xüsusən də Azərbaycanın ürəyində dərin iz buraxdı. O günlərdə sanki zəlzələ Türkiyədə yox, elə Azərbaycanda baş vermişdi.
Hər evdə, hər ailədə bir ağrı, bir narahatlıq hiss olunurdu. Azərbaycan xalqı bu faciəni öz dərdi kimi yaşadı. Hər kəs ayaqda idi, hər kəs bir işin ucundan tutmağa çalışırdı.
İnsanlar yardım topladı, könüllülər səfərbər oldu, dualar Türkiyə üçün edildi. Dövlət qurumları, qeyri-hökumət təşkilatları və ictimai birliklər qısa zamanda bir amal ətrafında birləşdi.
Məhz bu birlik və həmrəylik ruhunun bariz nümunəsi kimi “Qardaş Köməyi” Platforması yaradıldı. Bu platforma iyirminci əsrin əvvəllərində yaradılan platforma idi.
Platforma MÜSİAD Azərbaycan tərəfindən təsis edilərək Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım məqsədi daşıyırdı. Bu təşəbbüs Azərbaycan-Türkiyə qardaşlığının əməllə göstərilən nümunəsi oldu.
Humanitar yardımların toplanması, çeşidlənməsi və zəlzələ bölgələrinə çatdırılması sistemli şəkildə həyata keçirildi. Azərbaycan və Türkiyə dövlət qurumları ilə koordinasiyalı əməkdaşlıq bu prosesin səmərəliliyini daha da artırdı.Yardım karvanları yola düşdükcə qardaşlıq bağları daha da möhkəmlənirdi.
Bu dəstək Türkiyədəki zərərçəkənlər üçün mənəvi güc də idi.
Zəlzələdən 3 il sonra həmin günlər yenidən xatırlanır. Ağrılar, itkilər yaddaşlardan silinmir.
Azərbaycan və Türkiyə bu acını birlikdə yaşadı və bu gün də birlikdə xatırlayır. “Qardaş Köməyi” Platforması isə bu qardaşlığın tarixə yazılmış simvollarından biri olaraq qalacaq.
Sevinc MƏHƏRRƏMOVA