General-mayor Fəxrəddin Cəbrayılov Azərbaycanın hazırda həyatda olan Milli Qəhrəmanlarından biridir. O, Birinci Qarabağ müharibəsi dövründə Raquf Orucov və Polad Həşimovun komandiri də olub.
Modern.az saytı Milli Qəhrəman Fəxrəddin Cəbrayılovla müsahibəni təqdim edir:
- Peşəkar hərbçilərin bu sahəyə gəlməsində ailə ənənəsinin də rolu olur. Sizin atanız da hərbi həkim olub. - Bəli, atam hərbi həkim olub. 31 il sovet ordusunda xidmət edib. Ona görə də mən məktəbi bitirəndən sonra qərar verdim ki, hərbiçi olum. O vaxt Bakıda iki ali hərbi məktəb var idi: biri Ali Ümumqoşun Məktəbi, digəri isə Dənizçilər məktəbi. Mən Ümumqoşun Məktəbinə sənəd verdim. Açığı, atam buna razı deyildi. Amma mən israr etdim və hərbi məktəbə daxil oldum. Maraqlıdır ki, Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində həmin illərdə azərbaycanlılar çox az idi. Təsəvvür edin, oxuduğum qrupda 26 nəfərdən yalnız mən azərbaycanlı idim. Digərləri əsasən Rusiya, Belarus və Ukraynadan gəlmişdilər. Ulu öndər 1994-cü ildə Bərdəyə səfəri zamanı məni icra başçısının kabinetinə çağırdı. Uzun söhbət oldu və məndən soruşdu: “Səni tanımıram, qalx tərcümeyi-halını danış”. Mən də hərbi məktəbi bitirdiyimi söylədim. Sonra soruşdu ki, məzun olduqdan sonra hara göndərilmisən... Bildirdim ki, Almaniyada yerləşən sovet ordusuna məxsus hərbi hissəyə taqım komandiri təyin olunmuşam. Bu zaman Heydər Əliyev üzünü həmin vaxtkı müdafiə naziri Məmmədrəfi Məmmədova, eləcə də Nəciməddin Sadıqova, Nurəddin Sadıqova və Arif Rəhimzadəyə tutaraq dedi ki, Azərbaycan zabitlərinin respublikadan kənarda xidmət etməsi onun təklifi olub. Mən də əlavə etdim ki, tarixdə ilk dəfə bizim buraxılış mərasimimizi Lenin meydanında siz keçirmisiniz. Ulu öndər məndən soruşdu ki, buraxılışda leytenant poqonunu sənə kim verdi? Cavab verdim ki, sizin ikinci katibiniz Yuri Puqaçov. Bundan sonra aramızda uzun və ciddi söhbət oldu. Söhbət əsasən Gəncə ilə bağlı idi.
Yüksəkliklərdə oksigen azalır, insanı yuxu tutur. Baxmayaraq ki, o vaxt gənc idim, mən də çətinlik çəkirdim. Yaralı bir hərbçini hospitala aparmaq üçün səkkiz nəfərin köməyinə ehtiyac olurdu. Müharibə dövründə komandir olmaq həm də psixoloji cəhətdən ağırdır. Daim fikirləşirsən ki, bəlkə əməliyyatı düzgün planlaşdırmamısan və nəticədə bu qədər şəhid vermisən. Gizlətmirəm, dörd ay ərzində 208 şəhid verdik. Bu, çox böyük itkidir.
Bütün bu çətinliklərə baxmayaraq, bütün Azərbaycan bizə dəstək olurdu. Məktəblilər corab toxuyub göndərirdilər, içərisinə də adlarını yazırdılar. Belə məqamlar məni çox kövrəldirdi. Bütün Azərbaycanın ürəyi bizimlə idi. Yalnız sərt və soyuq hava şəraiti bizi ciddi şəkildə çətin vəziyyətdə qoyurdu.
Açıq şəkildə tanklardan istifadə etməsək də, minaatanlardan və toplardan atəş açılırdı. Əslində, 44 günlük müharibəyə biz 30 il hazırlaşmışdıq. Cənab Prezident ordunun silahlanmasına xüsusi diqqət yetirdi, zabitlərimiz və gizirlərimiz xaricdə təhsil alıb qayıdırdılar.
Hərbçilər öz yerində, amma biz bu gün də dərk edirik ki, bu müharibəni Ali Baş Komandan qazandı. Bir sıra siyasi və regional məsələlər var idi ki, onlar bizim üçün ciddi problemlər yarada bilərdi. Lakin Ali Baş Komandan bu riskləri düzgün idarə etdi və nəticədə torpaqlarımız geri qaytarıldı. - Siz Şəhid polkovnik Raquf Orucovun da komandiri olmusunuz… - Raquf Orucov əslən Ağdamdandır. 1992-ci ildə anası kənddən çıxarkən uşaqlarını qorumaq istəyib. Bu zaman ermənilər minaatanla atəş açıb və anası şəhid olub. Həmin gündən Raquf hərbçi olmaq qərarına gəlib. SSRİ dövründə Özbəkistanda xidmət edib. SSRİ dağılandan sonra geri qayıdıb, Ağdam taborunda döyüşüb. Daha sonra Ali Ümumqoşun Məktəbinə daxil olub, iki il oxuyandan sonra kiçik leytenant rütbəsi alıb.
Raquf atəşkəs dövründə, 1995-ci ildə yanımıza gəldi. Mən onu tağımın kəşfiyyat komandiri təyin etdim. Avqustun 13-də dağlarda güclü duman olan vaxt yeddi nəfər - bir çavuş və altı əsgər - posta qalxarkən yolu azıb Kəlbəcərin kəndlərindən birinə düşüblər. Çavuş əsgərlərin bir neçəsinin itdiyini anlayıb onların ardınca gedib və o da əsir düşüb. Əsgərlər çavuşun geri qayıtmadığını görüb geri dönmək istəsələr də, ermənilərin postuna çıxıblar. Həmin gün biz də onları axtarırdıq. Ertəsi gün ermənilər xəbər göndərdilər ki, əsgərləriniz bizdədir. Bir həftə danışıqlar apardıq. Altı əsgəri qaytardılar, amma dedilər ki, çavuş Şuşa həbsxanasındadır və onu verməyəcəklər. Mən dərhal müdafiə naziri ilə əlaqə saxladım. Həmin vaxt nazir Səfər Əbiyev idi. İcazə istədim ki, iki kəşfiyyat qrupu göndərək, qarşı tərəfdən əsir götürək və əsirləri dəyişək. Əvvəl razılıq vermədi. Dedim ki, məsələ Ulu öndərə məruzə edilsin. O vaxt atəşkəs artıq elan olunmuşdu və hər hansı insident yeni döyüşlərin başlanmasına səbəb ola bilərdi. Nəticədə icazə verildi. Kəşfiyyat bölüyünün zabitlərini çağırdım. Onlardan biri Raquf Orucov idi. Sağ və sol istiqamətlərdən hərəsi 11 nəfərdən ibarət iki qrup göndərildi. Sol istiqamətdən gedən qrup iki dəfə cəhd etdi, nəticə olmadı. Amma Raqufun qrupu Qarabağ zonasını keçərək birbaşa Ermənistana, Göyçə gölü ətrafında yerləşən Vardenisə (Basarkeçər-müəl.) qədər irəlilədi. Burada yalnız qəhrəmanlıq və qorxmazlıqdan danışmaq olar. Rabitə dağlıq əraziyə görə işləmirdi. Bizim kəşfiyyatçılar 10 gün sonra üç nəfər erməni gətirdilər. Ertəsi gün ermənilər mənə zəng edib dedilər ki, bilirik onlar sizdədir, gəlin əsirləri dəyişək. Əvvəl üç, sonra beş nəfərə razılaşdılar. Mən məsələni müdafiə nazirinə çatdırdım. O dedi ki, əgər 30 nəfər verirlərsə, dəyişək. Dedim ki, buna getməzlər. Bir müddət sonra xəbər göndərdilər ki, təkcə çavuş yox, mart ayında yaralanan başqa bir əsgər də bizdədir. Sənədlərə baxdım, doğrudan da həmin hərbçi mart ayından itkin kimi qeyd olunmuşdu.
Bu gün ailəsi, övladları onunla fəxr edir. Mən də fəxr edirəm. Onların hərbi hissəyə gəlməsi yaxşı yadımdadır. Raquf Orucov və Polad Həşimov ikisi birlikdə gəlmişdilər. Hər ikisi kiçik leytenant rütbəsində mənim briqadama gəlmişdi və hər ikisinin komandiri olmuşam. Mənim dövrümdə zabit kimi formalaşdıqları üçün qürur duyuram. Allah hər ikisinə rəhmət eləsin. İkisi də qəhrəman idi və vətən üçün çalşırdılar. Əsgər heyəti də onları sevirdi. Çünki əsgərlərlə dostluq edirdilər. Əvəzsiz hərbçilər idilər.
Bilirsiniz, kəşfiyyat çox çətin işdir. O yolların hamısını tanımalısan, ərazi minalanıbsa, minaları zərərsizləşdirməlisən. Düşmənin postlarını dəqiq bilməlisən. Raqufdan əvvəl kəşfiyyata çıxan bir qrup mühasirəyə düşmüşdü və onlardan yalnız biri sağ qalmışdı. Amma Raqufun dövründə belə hallar heç vaxt baş vermədi. Əsgərləri özündən çox qoruyurdu. Daha ətraflı videoda: