Fevralın 2-də Azərbaycanda Gənclər Günü qeyd edildi. Bu gün gənclər müxtəlif sahələrdə təmsil olunurlar. Zaman-zaman gənc kadrların əhəmiyyəti ilə əlaqədar fikirlər də səsləndirilir.
Maraqlıdır ki, siyasi partiyalarda gənclərin fəaliyyəti hansı səviyyədədir?
Modern.az bununla əlaqədar partiyalar arasında sorğu keçirib.
Saytımıza açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, partiyanın Ali Məclisində və Mərkəzi İltizam Komissiyasında gənclər təmsil olunur:
“Hazırda gənclər təşkilatının növbəti yenilənməsi prosesi gedir. Bununla bağlı bu həftənin şənbə günü tədbir olacaq. Çünki gənclər təşkilatının sədri hazırda təhsili ilə əlaqədar ölkə xaricindədir. Onun iki nəfər müavini də ölkədə deyillər. Ölkə daxilində də müavinlər var, toparlanıb, bir qədər də struktur dəyişikliklərinə gediləcək. Gənclər təşkilatının üzvləri, rəhbərlik edənlər, zamanında partiya rəhbərliyində müxtəlif pillələri tutanlardır. Ali Məclisin sədri zamanında gənclər təşkilatının rəhbəri olub. Hazırda beynəlxalq məsələlər üzrə müavinim gənclər təşkilatının üzvü idi. Hazırkı təşkilati məsələlər üzrə sədr müavinim də zamanında partiyanın gənclər təşkilatına sədrlik edib. Bu baxımdan gənclərimizin kifayət qədər aktiv olduğunu deyə bilərəm”.
Partiya sədri qeyd edib ki, partiyanın gənc üzvləri beynəlxalq müstəvidə də fəaldırlar:
“Eyni zamanda Beynəlxalq Gənc Demokratlar İttifaqının üzvüyük. Yəni AMİP gəncləri beynəlxalq müstəvidə də fəaldırlar, müxtəlif tədbirlərdə iştirak edərlər. Gənclərimiz ölkə xaricindəki proseslərdə iştirak edir, dəvətlər alırlar. Belə bir aktiv gənclər təşkilaıtmız mövcuddur. Gənclərimizin bir qədər də aktiv olmasına çalışırıq. Yeri gəlmişkən dünən gənclər günüydü. Bu münasibətlə, Azərbaycan dövlətçiliyini, milli ənənələrimizi layiqincə davam etdirən hər bir gəncimizi təbrik etmək istəyirəm”.
Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi qeyd edib ki, Vəhdət Partiyasının ümumi üzvlərinin 37 faizini gənclər təşkil edir:
“Son səkkiz ay ərzində Vəhdət Partiyasında gənclər istiqamətində ciddi və ölçülə bilən irəliləyiş müşahidə olunub. Aparılan sistemli iş nəticəsində partiyaya yeni, fəal və keyfiyyətli gənclərin axını baş verib. Bu proses partiyanın gənclərlə bağlı siyasətində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Hazırda Vəhdət Partiyasının ümumi üzvlərinin 37 faizini gənclər təşkil edir. Bu gənclərin böyük əksəriyyəti ali və orta ixtisas təhsilli, eləcə də akademik və elmi fəaliyyətdə olan şəxslərdir. Onlar yalnız formal üzvlük çərçivəsində qalmır, eyni zamanda cəmiyyətin sosial, intellektual və ictimai həyatında fəal iştirak edən real kadrlar kimi çıxış edirlər”.
Adəm İsmayıl Bakuvi əlavə edib ki, gənclər arasında gender balansı da diqqətçəkən səviyyədədir:
“Belə ki, partiyanın gənc üzvlərinin 19 faizini ali təhsilli gənc xanımlar təşkil edir. Bu göstərici Vəhdət Partiyasında qadın gənclərin artan rolunu və sağlam gender balansının formalaşdığını aydın şəkildə nümayiş etdirir.
Son aylarda gənclərin təşəbbüsü ilə partiya daxilində şahmat və idman klubları, elmi və intellektual müzakirə platformaları, fəlsəfə və debat klubları yaradılıb.Bu strukturlar gənclərin tənqidi düşünən, müzakirə aparmağı bacaran və məsuliyyət daşıyan siyasi nəsil kimi formalaşmasına xidmət edir.
Vəhdət Partiyası üçün gənclər yalnız gələcəyin ehtiyatı deyil, bu günün siyasi reallığıdır. Partiyanın inkişaf strategiyası açıq şəkildə gənclərə yönəlib və bu yanaşma onu gənclərlə iş sahəsində digər siyasi təşkilatlardan aydın şəkildə fərqləndirir”.
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli isə gənc üzvlərinin daha çox olmasını arzu etdiklərini deyib:
“Ədalət partiyasının Gənclər Təşkilatı partiya yarandığı vaxtdan fəaliyyət göstərir. Vaxtilə Gənclər Təşkilatının sədri olmuş üzvlərimiz hazırda ictimai, siyasi həyatda özlərini təsdiq ediblər və kifayət qədər yüksək mövqe sahibidirlər.
Hər zaman gənclərimiz aktiv olublar və partiyanın bütün tədbirlərində aparıcı yer tuturlar. Gənc üzvlərimizin bir çoxu 30-35 yaşını keçdiyinə görə artıq yaşlılar qrupuna aid edilir. Onların yerini doldurmaq o qədər də asan deyil. Lakin cəmiyyətimizdə elə gənclər var ki, ictimai maraqlar naminə çalışmağı üstün tuturlar. Bu gələcəyə olduqca böyük ümidlər yaradır. Gənc üzvlərimizin sayının daha çox olmasını istərdik".
Partiya sədri hazırda ümumi üzvlərin 10%-ni gənclərin təşkil etdiyini söyləyib:
"Bununla belə sıralarımızda passiv şəkildə üzv olan gənclər çoxdur. Sayları arzu etdiyimiz qədər olmasa da gənclərimizin fəallığı bütün çatışmazlıqları ört-basdır etməyə yetir. Belə ki, biz artıq ötən şənbə günü Gənclər Gününü qeyd etmişik. Tədbirimiz haqqında məlumatlar media və sosial şəbəkələrdə yayılıb. Siyasi tədbirimizə bədii-musiqi proqramını əlavə etməklə gənclərimiz fərqliliklərini də nümayiş etdirməyi bacarıblar. Hazırda partiyamızın Gənclər Təşkilatının sədri Məlik Məmmədlidir. Gənclərimiz ümumi üzvlərin təxminən 10 faizini təşkil edir. Gənclər Təşkilatının sədri tutduğu vəzifəyə görə partiya rəhbərliyində təmsil olunur. Ali Məclisdə də gənclərimiz var”.
Azərbaycan Xalq partiyasının sədri Qiyas Sadıqov Partiyanin idarə heyətinin 25 %-ni gənclərin təşkil etdiyini söyləyib.
“Partiyamızın 2000 civarinda gənc üzvü var. Gənclərin partiyanin həyatinda aktivliyi qənaətbəxş deyil. Çalışırıq, daha cox gənc cəlb edək və onlar daha aktiv fəaliyyətə keçsinlər”.
REAL Partiyasının sədri Natiq Cəfərli isə partiyanın gənclər təşkilatının olmadığını bildirib. O, bunu partiyanın öz qərarı olduğunu dilə gətirib.
Partiya sədri əlavə edib ki, gənclər və qadınlarla bağlı ayrıca bölmələrdənsə ümumi layihələr üzrə çalışırlar:
“Onsuz da, patiyanın özü daha çox gənclərdən ibarətdir. Ona görə ayrıca gənclər təşkilatı yaratmağa ehtiyac yoxdur. Gənclər təşkilatı hərəkat dövründə vardı, üzvlərin sayı 800 nəfərdən ibarət idi. Gənclərin öz təşəbbüsləri olur, biz də iştirak edirik. Amma qadın və gənclər bölməsi artıq dünyada qəbul olunmur. Partiyanın vahid bir orqanizm kimi layihələr üzərində işləməsinə üstünlük verir. Azərbaycanda da REAL ilk və yeganə partiyadır ki, layihələr, yəni mövzular üzrə işləyirik”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə sualımıza belə cavab verib:
“Partiyamız demək olar ki, gənclərdən ibarətdir. Partiyanın böyük əksəriyyəti gəncdir. Ümumi götürdükə rəhbərlikdə olanlar da aşağı-yuxarı hamısı gəncdir. Baxır, gənclik deyəndə hansı yaş aralığı nəzərdə tutulur. O baxımdan bəlkə də, Azərbaycanın ən gənc partiyası bizik. Amma mən düşünmürəm ki, bu siyasi partiyanın həyatında önəmli olsun. Gənclərim siyasətdə təmsilçiliyi ürəkaçan deyil. Gənclər nə siyasətdə, nə də sosial fəaliyyətlərində öz imkanlarını realizə edə bilirlər. Bu məsələ gənclərin partiya sıralarında sayından daha düşündürücü məsələdir".
O, əlavə edib ki, iqtidar gənclərlə bağlı siyasətini daha da gücləndirsə, yaxşı olar:
"Dövlət gənclərlə bağlı düşünürəm ki, xüsusi siyasət tətbiq etməlidir ki, gənclər həyatlarını qura bilsinlər. Öz dövlətlərinə inamları artsın, qaçıb getməsinlər. Elmi bacarıqlarını potensiallarını öz ölkələrinə sərf etsinlər, xaricə yox. Gənclərimizi təbrik edirəm. Amma təəssüflə qeyd etməliyəm ki, Azərbaycan gəncliyi ən diqqətsiz qalan sosial kəsimdir. İqtidar bu yöndə siyasətini gücləndirsə, məncə daha yaxşı olar”.
Ümid Partiyasının sədr müavini Tamilla Qulami isə söyləyib ki, Ümid Partiyasının Gənclər Təşkilatı olduqca aktiv və təşkilatlanmış strukturdur:
“Öncəliklə, Gənclər Günü münasibətilə bütün gənclərimizi səmimi-qəlbdən təbrik edirəm. Arzu edirəm ki, hər zaman bu vətəndə yaşadıqları ilə fəxr edəcək şəraitləri olsun. Gənclər cəmiyyətimizin ən dinamik, yenilikçi və ölkə gələcəyinə yön verən əsas güclərindəndir. Onların ictimai-siyasi proseslərdə fəal iştirakçılığı sağlam və dayanıqlı inkişafın əsas şərtidir.
Azərbaycan Ümid Partiyasının Gənclər Təşkilatı bu baxımdan olduqca aktiv və təşkilatlanmış strukturdur. Bu gün partiya sıralarında minlərlə gənc üzv fəaliyyət göstərir və onlar müxtəlif layihələrdə, sosial təşəbbüslərdə, maarifləndirici və ictimai tədbirlərdə yaxından iştirak edirlər".
Xanım müavin vurğulayıb ki, partiya rəhbərliyinin təxminən yarısı gənclərdən ibarətdir:
"Partiya gənclərə yalnız üzv kimi deyil, qərarverici qüvvə kimi yanaşır, mərkəzi qərargahda və rayon təşkilatlarımızda onların təkliflərinə müsbət yanaşır, müzakirə mövzularında iştirakına geniş yer ayırır. Məhz bunun nəticəsidir ki, partiya rəhbərliyinin demək olar ki, yarısı gənclərdən ibarətdir. Bu isə gənclərin potensialına, bilik və təşəbbüskarlığına verilən yüksək dəyərin bariz nümunəsidir. Gənclərimiz istər Bələdiyyə, istərsə də Parlament seçkilərində hər zaman fəal namizədlər kimi prosesdə iştirak edirlər.
Bir daha bütün gənclərimizi Gənclər Günü münasibətilə təbrik edir, onlara uğurlar və daim fəal olmağı arzulayıram! Onlar istiqbal qapısının açarlarıdır!”.
Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bir neçə gəncin partiya məclisində fəaliyyət göstərdiyini bildirib:
“Müsavat Partiyasının gənclər təşkilatı, bu təşkilatda keçirilən son seçkilərdən sonra xeyli aktivləşib. Bunu partiyanın keçirdiyi tədbirlərdə gənclərin fəal iştirakı təsdiqləyir. Partiyanın bir çox rayon təşkilatlarında da Gənclər təşkilatı fəaliyyət göstərirlər. Partiyanın Məclisində bir neçə gənc fəaliyyət göstərir”.