Azərbaycan mənşəli biznesmen Umid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb.
Modern.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə Əməkdar jurnalist Elçin Alıoğlu paylaşıb. O bildirib ki, Rumıniyanın “Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, layihə Azərbaycanın Salyan rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Umid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib. Ü.Abuzərlinin yaratdığı "Memaar Capital" şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Ioan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.
Xatıqladaq ki, Tahir Kərimov 2011-ci ildə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş, 2016-cı ildə isə bu postdan azad olunmuşdu. Tahir Kərimov 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı - sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə “Roma imperatoru”na bənzər şəkildə, çiçək çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu.
"Memaar Capital" Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahib olduğunu və daşınmaz əmlak sahəsində uzunillik təcrübəyə malik olduğunu bəyan edir.
Yeni layihə Harmony Homes adlandırılıb. Burada hər biri təxminən 134 kvadratmetr sahəsi olan iki mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi “Alexander Residence” adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılmışdı, ikinci mərhələ isə tamamilə Memaar Capital şirkətinin nəzarətinə keçib.