ABŞ və İsrailin İrana qarşı diplomatik imkanları faktiki olaraq tükənib və hərbi ssenari qaçılmaz kimi görünür.
Modern.az xəbər verir ki, bu barədə İran müxalifətinə yaxın olan "Iran International" nəşrinə müzakirələrin gedişatı ilə tanış mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, hazırda Vaşinqton və Təl-Əvivdə əsas müzakirə mövzusu zərbənin olub-olmayacağı deyil, onun nə vaxt endiriləcəyidir.
İddia olunur ki, mümkün əməliyyat üçün “pəncərə” yaxın günlərdə və ya bir neçə həftə ərzində açıla bilər. Mənbə əlavə edib ki, nəzərdən keçirilən ssenarinin məqsədi İranın dövlət sisteminə həlledici zərbə vurmaq, hətta onun mümkün çöküşünə nail olmaqdır. Onun qiymətləndirməsinə görə, planlaşdırılan addımların miqyası və intensivliyi İran tarixində presedentsiz ola bilər.
Bildirilir ki, ABŞ və İsrail mövcud vəziyyəti “unikal imkan” kimi qiymətləndirir və ötən ilin iyununda baş vermiş 12 günlük müharibə dövrü ilə müqayisədə daha yüksək risklərə getməyə hazırdır. Mənbənin iddiasına görə, İsrailin birbaşa iştirakı əməliyyatın miqyasını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Ümumilikdə isə müzakirə olunan plan “misilsiz” kimi xarakterizə olunur.
Bu fonda "Institute for Science and International Security" (ISIS) bu həftə İranın İsfahan şəhərində yerləşən nüvə obyekti ilə bağlı yeni peyk görüntüləri yayımlayıb. İnstitutun nüvə təhlükəsizliyi üzrə tanınmış eksperti David Albrightin rəhbərliyi ilə hazırlanan analizdə qeyd olunur ki, görüntülər obyektin mümkün hava hücumlarından qorunması üçün əlavə tədbirlərin görüldüyünə işarə edə bilər. İnfrastrukturda müşahidə edilən dəyişikliklər ərazinin möhkəmləndirilməsi və zərbələrə davamlılığın artırılması istiqamətində işlərin aparıldığını göstərir.
Bundan əlavə, institutun ekspertləri kompleks ərazisində sentrifuq istehsalı zavodunun tikintisinin yenidən bərpa olunmasına dair əlamətlərə diqqət çəkirlər. Onların qənaətinə görə, müşahidə olunan aktivlik Tehranın əvvəlki zərbələr nəticəsində zərər görmüş nüvə infrastrukturunun bərpasına və ya genişləndirilməsinə cəhd etdiyini göstərə bilər.