ABŞ Prezidenti Donald Tramp İrana qarşı geniş zərbələr endirməyi, o cümlədən İranın siyasi və təhlükəsizlik rəhbərliyini aradan götürməyi düşünür. Eləcə də ölkənin nüvə obyektlərinə və dövlət qurumlarına potensial zərbələr endirmək barədə hazır plan masa üzərindədir.
Hazırda ABŞ İran ətrafındakı hərbi bazarlarında on minlərlə hərbçi, təyyarə, raket sistemləri və təyyarədaşıyan gəmilər toplayıb. ABŞ rəhbərliyinin İranla bağlı sərt açıqlamaları və mümkün hərbi zərbə ehtimalı regionda gərginliyi artırır.
Məhz mövcud gərginliyin hərbi eskalasiyaya çevriləcəyi təqdirdə bunun regiona siyasi, iqtisadi təsirlərinin hansı formada olacağı diqqətçəkən məqamdır.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova bildirib ki, istənilən münaqişə təbii olaraq, digər regionlara və ya ölkələrə təsirsiz ötüşmür:
"Bu mənada Azərbaycan qonşu ölkələr başda olmaqla, heç bir coğrafiyada münaqişənin baş verməsinin tərəfdarı deyil. Rəsmi Bakı öz ərazisindən İrana qarşı istifadə edilməsinə dair bütün iddiaları rədd edir. Belə ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Araqçi ilə telefon danışığı zamanı ölkəmizin hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana, eləcə də hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyini növbəti dəfə xüsusi vurğulayıb".
Parlamentari vurğulayıb ki, ABŞ-İran qarşıdurması Yaxın Şərq, eləcə də Cənubi Qafqaz üçün ciddi təhdidlər, lokal risklər yaradır:
"Geosiyasi təhdidlər fonunda sərhəd təhlükəsizliyi zəifləyə, qaçqın axını qaçılmaz ola bilər. Mövcud gərginliyin real müharibəyə çevrilməsi regional savaşa səbəb ola bilər. Çünki Tehran bəyan edib ki, cavab zərbələri ABŞ-nin hərbi bazalarının yerləşdiyi dövlətlər olacaq. Məlum olduğu kimi, Körfəzin Ərəbistan sahilində, xüsusilə Bəhreyn və Qətərdə ABŞ bazaları mövcuddur. Bu səbəbdən Birləşmiş Ştatların müttəfiqi olan Körfəz ərəb ölkələri də vəziyyətdən narahatdır".
Deputat qeyd edib ki, ABŞ-İran müharibəsi baş versə, bunun iqtisadi nöqteyi-nəzərdən də ciddi fəsadlar yaratması qaçılmaz olacaq:
"Bu, ilk növbədə neft və qaz qiymətlərinin sürətli bahalaşmasına zəmin yaradacaq. Bu mənada Azərbaycan tərəfinin də bəyan etdiyi kimi, tərəflərin qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələri zəruridir. Rəsmi Bakı mövcud problemlərin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin tərəfdarıdır".