"Vəhhabilər qardaşımı da yoldan çıxartmışdılar" Nəsib Məhəməliyev: “İcra başçısı olanda Novruz bayramında evlərə papaqatmanı qadağan etmişdim”
Mediada deputatlarla müsahibələr adətən qanunvericilik təşəbbüsləri, siyasi proseslər və parlamentin gündəmi ilə məhdudlaşır. Halbuki deputat həm də seçildiyi bölgənin həyatına, insanlarına, onların problemlərinə ən yaxından şahid olan şəxsdir.
Modern.az saytının “Region deputatın gözü ilə” layihəsi siyasətdən bir qədər kənara çıxır və deputatların bölgə ilə bağlı təəssüratlarını, məlumatlarını öyrənir.
Layihənin budəfəki qonağı 110 saylı Balakən seçki dairəsinin deputatı Nəsib Məhəməliyevdir.
- Nəsib müəllim, 6 il Balakəndə icra başçısı işləmisiniz. Özünüz də əslən oradansınız. Bu bölgə haqqında bir az da sizdən eşitmək istəyərdik. Balakən deyəndə ağlınıza ilk nə gəlir? - Balakən deyəndə ilk növbədə mənim kiçik vətənim yada düşür. Baxmayaraq ki, ömrümün böyük hissəsini orada keçirməmişəm, həm bağçaya, həm də məktəbə məhz Balakəndə getmişəm. Balakən mənəvi baxımdan çox zəngin bir məkandır. Orada avarlar, ingiloylar və digər müxtəlif etnik azlıqlar yaşayır. Tarixin bütün keşməkeşli dövrlərində belə insanlar etnik və dini zəmində heç vaxt ciddi problemlər yaşamayıblar. Bu da onu göstərir ki, Balakəndə tolerantlıq baxımından xüsusi bir mədəniyyət formalaşıb. Balakənin özünəməxsus mətbəxi var, rayon müxtəlif folklorların qovuşduğu bir məkandır. Bölgə əsrarəngiz təbiəti ilə seçilir və təsadüfi deyil ki, Balakən “Məbədlər diyarı” adlandırılır. Azərbaycanda bu qədər tarixi abidənin cəmləşdiyi ikinci bir rayon demək olar ki, yoxdur. Çox istərdim ki, həmin abidələrin bərpasına daha çox diqqət ayrılsın. Eyni zamanda, XVII əsrin sonları – XVIII əsrin əvvəllərində SSRİ ərazisində ən hündür minarəyə malik məscid məhz Balakəndə yerləşib. Ümumiyyətlə, Balakəndə məscidlər çoxdur və onların özünəməxsusluğu ondadır ki, əksəriyyəti qəbiristanlıqların ərazisində yerləşir. Əslində onlara “hücrə” demək daha doğru olardı. Hətta SSRİ-nin din əleyhinə sərt siyasəti dövründə belə insanlar Allaha bağlılıqlarını heç vaxt gizlətməyiblər. - Balakənlilər həm dindar, həm də müasirdirlər... - Bu, bir qədər qəribə, amma Balakən üçün xarakterik mənzərədir. Xatırlayıram ki, insanlar eyni zamanda gündə beş dəfə namaz qılır, paralel olaraq restorana gedib əylənə də bilirdilər. Bizdə Cənub bölgəsində və ya Bakıətrafı bəzi kəndlərdə olduğu kimi, çadraya və oxşar sərt dini atributlara rast gəlinməyib. Toy mərasimlərində bəylər və xanımlar eyni stol arxasında əyləşiblər. Qız toyunda kişilər, oğlan toyunda isə xanımlar iştirak edib. Balakəndə rəqs meydançaları mövcud idi, gənclərin əyləndiyi, vaxt keçirdiyi məkanlar həmişə olub. - Balakən həm də oranın insanlarının dürüstlüyü ilə assosiasiya olunur... - Bu yaxınlarda ilin yekunları ilə bağlı hesabat yığıncağında çıxışım zamanı bu məsələyə toxundum. Balakəndə Maliyyə Nazirliyi tərəfindən kompleks yoxlamalar aparılır. Əvvəlki icra başçısı (İslam Rzayev-red.) həbs olunub. Mənim rəhbərlik etdiyim dövrdə də yoxlamalar keçirilirdi, lakin heç vaxt belə biabırçı hallar baş verməmişdi. O zaman Balakəndə insanlar qanuna ciddi şəkildə əməl edirdilər və dövlət vəsaitlərinin mənimsənilməsi mövzusu ümumiyyətlə gündəmə gələ bilməzdi. Ancaq son 20 il ərzində orada müəyyən deqradasiya prosesləri yaşandı. Bu da uyğun olmayan rəhbərlərin fəaliyyəti ilə bağlı idi. Üzdə özünü müsbət göstərən bəzi şəxslər arxa planda tamamilə fərqli maraqlara xidmət edir, varlanmaq üçün şantaj, vəzifələrin alqı-satqısı kimi neqativ hallara yol verirdilər. Elə buna görə də icra başçısı həbs olundu və barəsində cinayət işi açıldı. Ona bu prosesdə dəstək verən bir çox şəxslər hazırda istintaq orqanına şahid qismində ifadə verirlər. Bu gün Balakəndə əvvəlki dürüstlük mühitinin olduğunu təsdiq edə bilmərəm. Mənim üçün bunları dilə gətirmək ağırdır. Bir cümlə ilə, tam məsuliyyətlə deyə bilərəm ki, nə Balakən rayonuna, nə də Nəsimi rayonuna rəhbərlik etdiyim dövrdə bir dəfə də olsun tabeçiliyimdə olan insanlara qanunsuz tapşırıq verməmişəm.
- Balakənin hansı adət-ənənələrini bəyənmirsiniz? Məsələn, toy və yas mərasimləri necə keçirilir? - Ümumiyyətlə, mən mentalitetimizdə olub inkişafımıza heç bir töhfəsi olmayan adət-ənənələri qəbul etmirəm. Məsələn, Novruz bayramında gənc uşaqların və yeniyetmələrin gecə vaxtı kiminsə evinə papaq atmasını qadağan etmişdim. Atam 1986-cı ildə vəfat edib. 2001-ci ildə onun məzarını yenidən düzəltdirdim. 2 metr 20 santimetrlik başdaşını götürüb, yerinə 50 santimetrlik qara mərmərdən sadə bir başdaşı qoydurtdum ki, insanlar nümunə götürsünlər. O dövrdə bu, inqilabi addım kimi qəbul olunurdu. İndi isə görürəm ki, bu yanaşma getdikcə yayılır. Yas mərasimlərindən ümumiyyətlə narazıyam. Balakəndə dünyasını dəyişən şəxs üçün bir həftə səhərdən axşamacan qapılar açıq qalır və kim nə vaxt istəsə gəlir başsağlığı verir. Ev sahibləri, onların yaxınları məcburdurlar ki, həftə ərzində oturub gələnləri qarşılasın. Bəzi yerlərdə artıq inkişaf var, üç gün qəbul edilir. Arzu edərdim ki, yas mərasimləri maksimum sadələşdirilsin. Bu istiqamətdə müəyyən işlər görülür, amma hesab edirəm ki, proses daha da irəli aparılmalıdır. - Bir qədər əvvəl dediniz ki, buraya gəlməyiniz Allahın yazdığı tale ilə bağlıdır. Dinə münasibətiniz necədir? - Allaha və Peyğəmbərə inanıram, İslam əxlaqını ən dürüst mədəniyyət hesab edirəm. Amma heç bir halda kiminsə dini inancına müdaxilə etmirəm. Dinə münasibət vicdan məsələsidir və hər bir insanla Allah arasında olmalıdır. Əfsuslar olsun ki, İslam dininindən reklam olaraq, sui-istifadə edən dəllallar çoxdur. Belə yanaşma cəmiyyətdə çaşqınlıq yaradır. - Balakənin adı bir ara vahabiliklə də birlikdə çəkilirdi… - Sovetlər İttifaqı dağılandan sonra ideoloji boşluq yarandı və əksər respublikalarda xarici ölkələrdən gələn missionerlər dini təbliğat aparmağa başladılar. O cümlədən bizim ölkəmizdə. 2000-ci illərin əvvəllərində sistemli iş apardıq və praktiki olaraq Balakəndə vahabiliyi aradan qaldırdıq. Çox ciddi maarifləndirmə işləri apardıq. Düzdür, tək-tük də olsa, hələ də bu cərəyanın daşıyıcılarına rast gəlmək olur. Ümumiyyətlə, dini proseslər ölkənin müvafiq strukturları tərəfindən peşəkarcasına diqqətdə saxlanılır. Narahatçılığa ehtiyac yoxdur.