Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabidə keçirilən Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında iştirak edib.
Modern.az xəbər verir ki, sessiyanın açılış mərasimində çıxış edən spiker Aralıq Dənizi Parlament Assambleyasının dialoq, həmrəylik və qarşılıqlı anlaşma üçün bir platforma olduğunu qeyd edib.
Onun sözlərinə görə, gender bərabərliyinə və qadınların səlahiyyətləndirilməsinə xüsusi önəm verilməsi Assambleyanın ümumi məqsədlərə nail olmaq naminə kollektiv fəaliyyətə davamlı sadiqliyinin bariz nümunəsidir. Azərbaycan Milli Məclisinin Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu əldə etmək üçün rəsmi müraciət etdiyini xatırladan Sahibə Qafarova bu müraciətin dəstəklənməsinin daha sıx əməkdaşlıq və daha səmərəli birgə fəaliyyət üçün yeni imkanlar açacağına inamını ifadə edib.
Çıxışında tədbirin mövzusunun əhəmiyyəti barədə fikirlərini bölüşən Sahibə Qafarova deyib ki, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi haqlı olaraq Dayanıqlı İnkişaf Məqsədlərindən biri kimi müəyyən edilib. Spiker qeyd edib ki, ilk növbədə real və davamlı irəliləyiş cəmiyyətdə mövcud olan düşüncə tərzinin dəyişdirilməsindən asılıdır. Qadın və kişilərin mahiyyət etibarilə bərabər olması prinsipi cəmiyyətin əsas dəyəri kimi möhkəmləndirilməlidir. Digər tərəfdən qadınların ictimai həyatda və qərar qəbuletmə proseslərində tam və bərabər iştirakı olmadan güclü, firavan və dayanıqlı cəmiyyət qurmaq mümkün deyil.
Onun sözlərinə görə, cəmiyyətin yarısının hüquq və potensialını nəzərə almayan hər hansı təşəbbüs qaçılmaz olaraq dayanıqsızdır. Azərbaycanda gender bərabərliyi sahəsində mövcud olan vəziyyət haqqında tədbir iştirakçılarına məlumat verən spiker bildirib ki, güclü ailə və mədəni ənənələrə söykənən Azərbaycan cəmiyyətində qadınlar ailənin - cəmiyyətin ən kiçik vahidinin -formalaşmasında və dəyərlərin gələcək nəsillərə ötürülməsində daim mərkəzi rol oynayıb. Bu gün Azərbaycan qadınları siyasət, iqtisadiyyat, elm və təhsil, səhiyyə və digər sahələrdə fəal şəkildə təmsil olunurlar. Qadınlar qanunverici və icraedici hakimiyyət orqanlarında, məhkəmə sistemində və diplomatik fəaliyyətdə yüksək vəzifələr tutur. O, 2026–2028-ci illəri əhatə edən Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsinin Azərbaycan hökuməti tərəfindən bu sahədə ardıcıl şəkildə həyata keçirilən tədbirlərin davamı olduğunu söyləyib.
Azərbaycan parlamentinin bu prosesdə cəmiyyətin dəyişən tələblərinə uyğun olaraq qanunvericilik bazasının hazırlanması və daim təkmilləşdirilməsində fəal rol oynadığını bildirən spiker Sahibə Qafarova deyib ki, ötən çağırış Milli Məclisdə gender bərabərliyi və ailə siyasəti ilə bağlı 53 qanun layihəsi müzakirə edilib, 17 ictimai dinləmə keçirilib.
Sahibə Qafarova bildirib ki, Azərbaycan Parlamenti gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətləndirilməsi sahəsində beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəkləyir və müxtəlif beynəlxalq platformaların işində fəal iştirak edir. O, bu forum çərçivəsində aparılan müzakirələrin real nəticələr verəcəyinə və qadınların səlahiyyətləndirilməsi kimi ümumi məqsədin - regionumuzda sosial həmrəyliyin, dayanıqlığın və davamlı inkişafın möhkəmləndirilməsinin əsas şərti olan bu məqsədin — irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.


