2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü illə müqayisədə 6,7 faiz artaraq 4 milyon 569,5 min olub.
Modern.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, gecələmələrin ümumi sayının 58,9 faizi Bakıda, 5,6 faizi Qusarda, 5,1 faizi Naftalanda, 5,0 faizi Xaçmazda, 3,7 faizi Qəbələdə, 3,2 faizi Qubada, 3,0 faizi Lənkəranda, 2,2 faizi Şabranda, 1,5 faizi Şamaxıda, 1,2 faizi Gəncədə, 1,1 faizi Şuşada, 1,1 faizi Masallıda, 1,1 faizi Qaxda, 0,9 faizi Naxçıvan Muxtar Respublikasında, 6,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda, eləcə də mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Bundan əlavə, Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 1,1 faiz artaraq 1 milyon 955,2 min olub ki, bu da ümumi gecələmələrin 42,8 faizini təşkil edir. 2025-ci ildə mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü illə müqayisədə 5,9 faiz azalaraq 653,0 milyon manat olub. Gəlirlərin 61,8 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,2 faizi ictimai iaşə xidmətlərindən, 2,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Qeyd edək ki, 2025-ci ildə mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24,4 faiz olub (2024-cü ildə 24,0 faiz). Bu göstərici Naftalanda 48,5 faiz, Şabranda 41,7 faiz, Bakıda 36,9 faiz, Qusarda 31,7 faiz, Sabirabadda 27,7 faiz, Lənkəranda 23,3 faiz, Qəbələdə 21,5 faiz, Şamaxıda 20,5 faiz, Bərdədə 19,5 faiz, Qubada 16,6 faiz, Beyləqanda 15,7 faiz, Ağdamda 15,6 faiz, Qaxda 15,5 faiz, Masallıda 15,3 faiz, digər şəhər və rayonlarda isə 15,3 faizdən aşağı olub.