Son illər Xəzər dənizində su səviyyəsinin azalması artıq təkcə ekoloji deyil, eyni zamanda birbaşa balıqçılıq təsərrüfatına da təsir edən başlıca problemə çevrilib. Belə ki, suyun sahil xəttinin geri çəkilməsi, bəzi ərazilərdə yaranan dayazlaşma balıqların köç yollarını və çoxalma yerlərini dəyişib. Müşahidələr göstərir ki, ənənəvi balıq ovu sahələri əvvəlki məhsuldarlığını itirib, balıqçılıqla məşğul olan insanların gəlirləri isə müəyyən qədər azalıb. Eyni zamanda ekosistemdə yaranan pozuntular da bəzi balıq növlərinin sayında ciddi azalma ilə müşahidə olunur.
Maraqlıdır, hazırda Xəzər dənizinin səviyyəsinin azalması və ekoloji dəyişikliklər fonunda 10 il əvvəlki vəziyyətlə müqayisədə, balıqçılıq sektorunda hansı əsas fərqlər və dəyişikliklər müşahidə olunur?
Modern.az-a açıqlamasında Azərbaycan Balıqçılar İttifaqının sədri Əfqan Əliyev hazırda bazarda müşahidə edilən qiymətləri şərh edərkən bildirib ki, Xəzərin çəkilməsi prosesi dayanana qədər təbii su hövzələri balıqlarının qiymətlərində artım davam edə bilər. Onun sözlərinə görə, qiymət artımının qarşısının alınması isə hələlik ümumi idxaldan asılıdır.
"Kür və Araz çaylarında suyun azalması, onlardan ayrılan bəzi qolların qurumasına səbəb olur ki, bu da əsasən çəkikimilərə və müəyyən dərəcədə nərəkimi balıqların populyasiyasına mənfi təsir göstərir. Bunun üçün böyük su hövzələrindən ayrılan qoların mütəmadi olaraq təmizlənməsi və qorunması vacib amillərdəndir.
Çəkikimilərin azalmasının əsas səbəblərinə gəlincə, bunun iqlim dəyişikliyi ilə bağlı olması ilə razı deyiləm. Çünki son 15 ildə müşayiət etdiyimiz və apardığımız monitorinqlər insan faktorunun da böyük rolunun olduğunu göstərib. Kənd Təsərrufatı Nazirliyinin nəzdində yaradılan müvafiq qurumlar sənaye balıqçılığında istifadə olunan alətlərə nəzarəti gücləndirməlidir ki, balıq ehtiyatlarının azalmasının qarşısı alınsın”.
Sədr həmçinin vurğulayıb ki, təbii su hövzələrimizdə çəkikimilərin və digər balıqların azalması ilə bağlı məlumatlar nəinki düşündürücü, hətta katostrafikdir:
“2 il öncə rəsmi qurum nümayəndələrindən bu rəqəmin 80% üzərində oldugu bildirilib. Qeyd edilən rəqəm deyərdim ki, daha da artıb və buna əsas olaraq balıq məhsullarının hazırkı qiymətini göstərmək olar. Artıq balıqçılıq sektoru bu ildən Kənd Təsərrüfatı Nazirliyinə verilib, keçirdiyimiz görüşləri nəzərə alaraq inanıram ki, Azərbaycanın su hövzələrində balıqçılıq inkişaf edəcək, amma vicdanlı idarəçilik və düzgün mütəxəsislər işə cəlb edilərsə, bu mümkündür”.
Ə.Əliyev diqqətə çatdırıb ki, 5-10 il bundan əvvələ nəzər salsaq görərik ki, Xəzər balıqlarının qiyməti 3-4 dəfə artıb:
“Artım əsasən kütüm, Xəzər sıfı, qızıl balıq və nərəkimilərdə müşahidə olunur ki, bu da adıçəkilən balıq növlərinin sürətlə azalmasından xəbər verir. Balıq ehtiyatlarının azalması təkcə bazar qiymətlərinə deyil, hətta insanların saglamlığına da təsir edir, çünki balıq ən sağlam və bol minerallı nemətdir.
Deyərdim ki, balıq məhsulları nəinki ərzaqlardan bahadır, həm də daxili yeyinti məhsullarından və ölkəyə gətirilən bir çox qida məhsullarını arxada qoyub. Bu isə alıcılıq imkanlarına da xeyli təsir göstərir.
Balıqçılıgın inkişafına bu sahədə güzəştli kreditlərin verilməsi, təsərrüfatların müvəqqəti olaraq vergilərdən azad olunması, habelə dövlət büdcəsindən vəsaitin ayrılması öz töhfəsini verə biləcək. Düşünürəm ki, 2026-cı il balıqçılıgın dirçəlişi ili olacaq. Artıq bunun ayaq səsləri Azərbaycanda ilk dəfə Kənd Təsərrufatı Nazirliyinin Akvakultura Mərkəzi və Neftçala icra hakimiyyəti tərəfindən təşkil edilən balıq festivalının keçirilməsi ilə özünü göstərib”.
“United Fishes” MMC-nin təsisçisi və direktoru, ixtioloq Niyazi Heybətov balıq ehtiyatlarının azalmasının qiymətlərə birbaşa təsir göstərdiyini qeyd edib:
"Dəniz balıqları azaldıqca, onlar kəskin şəkildə bahalaşır. Məsələn, bayram günlərində kütüm balığının bir kiloqramının qiyməti 25-30 manata qədər yüksəlir. Digər dəniz balıqları da oxşar şəkildə bahalaşıb. Əhalinin alıcılıq qabiliyyətinin aşağı olması isə tələbatın daha çox süni göllərdə yetişdirilən balıqlara yönəlməsinə səbəb olur. Göl balıqları arasında ən ucuz və daha çox satılan növlər xanı, sazan, belamurdur. Bu balıqlar iri göllərdə saxlanılır, nisbətən az yemlə daha tez böyüyür və maya dəyəri aşağı olur. Buna görə də bazarda daha əlçatan hesab edilir. Forel və nərə kimi digər saxlanma balıqlarında isə qiymət fərqi əsasən xaricdən gətirilən yemlərin bahalaşması ilə əlaqədardır. Yem, su və yanacaq xərcləri artdıqca, balığın qiyməti də yüksəlir. Daşıma prosesində yanacaqdan istifadə edildiyi üçün benzin və dizel qiymətlərinin artması da balıq qiymətlərinə təsirsiz ötüşmür”.
Niyazi Heybətovun sözlərinə görə, göl balıqları adətən yeni il ərəfəsində, yanvarın əvvəlinə qədər daha ucuz olur:
“Bunun əsas səbəbi sahibkarların dövriyyə vəsaitinə ehtiyac duyması və məhsulu daha tez satışa çıxarmasıdır. Bu mərhələdə əsas qazancı isə alverçilər əldə edirlər. Sahibkar hər kiloqramdan cəmi 20-50 qəpik qazandığı halda, satış zəncirində olan vasitəçilər ən azı 1 manat gəlir əldə edirlər.
Yanvar ayının ortalarından sonra göllərdə balıq ehtiyatı azaldıqca, qiymətlər tədricən yüksəlir. Bununla belə, sazan, belamur və tolstolob kimi əsas göl balıqlarının qiymətində ötən illə müqayisədə ciddi dəyişiklik müşahidə olunmur. Bahalaşma əsasən qapalı su dövriyyəsi sistemlərində saxlanılan və dənizlə əlaqəsi olmayan balıq təsərrüfatlarında nəzərə çarpır”.