Azərbaycan jurnalistikasının tanınmış simalarından biri, media nəzəriyyəsinin və peşəkar jurnalistikanın formalaşmasında xüsusi xidmətləri olan Cahangir Məmmədlinin bu gün 84 yaşı tamam olur.
Uzun illər pedaqoji və elmi fəaliyyəti ilə bir neçə nəsil jurnalistin yetişməsində mühüm rol oynayan professor daim peşə etikası və söz məsuliyyəti mövzularını ön planda saxlayıb. Onun publisistikası və elmi yanaşmaları bu gün də media mühitində müzakirə edilir, mənimsənilir.
Modern.az Azərbaycan mətbuatının qocaman siması Cahangir Məmmədlinin doğum günü münasibətilə Mətbuat Şurasının sədri Rəşad Məcid və Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu ilə həmsöhbət olub.
Mətbuat Şurasının sədri Rəşad Məcid Cahangir Məmmədli ilə tanışlığının tələbəlik illərinə dayandığını söyləyib:
“Tələbə olduğumuz dövrdə bizə çox tanınmış, nüfuzlu müəllimlər dərs deyirdilər – Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Nurəddin Babayev, Famil Mehdi, Əliş Nəbili, Tofiq Rüstəmov və başqaları. Eyni zamanda həmin illərdə cavan müəllimlərimiz də var idi ki, onların arasında Cahangir Məmmədli xüsusilə seçilirdi.
O, XIX əsr jurnalistikasından dərs deyir, həmin dövrdə nəşr olunan mətbuat orqanları və orada çap edilən yazılar haqqında bizə ətraflı məlumat verirdi. Həmin illərdə də Cahangir Məmmədli olduqca fəal idi; ədəbi yazıları və tənqidi məqalələri artıq mətbuatda mütəmadi olaraq dərc olunurdu. Bu səbəbdən onun mühazirələri və mülahizələri bizim üçün böyük maraq doğururdu”.
R.Məcid əlavə edib ki, sonrakı illərdə tale elə gətirib ki, Cahangir müəllimlə birgə çalışma fürsəti əldə edib:
“O, “525-ci qəzet” və ictimai yayım ilə bağlı layihədə rəhbər kimi fəaliyyət göstərdi. Daha sonra isə birgə Mətbuat Şurasında fəaliyyət göstərdik.
Cahangir müəllim bizim ustad müəllimimizdir. 84 yaşının tamam olması münasibətilə biz ona yalnız möhkəm can sağlığı arzulayırıq. Bu gün də Cahangir müəllim yeni bir nəşr, yeni bir veriliş, dəyərli bir kitab işıq üzü görəndə ona münasibət bildirir, prosesə biganə qalmır. Biz də ona bundan sonra da coşğulu yaradıcılıq fəaliyyəti və möhkəm sağlamlıq arzu edirik!”.
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, Cahangir Məmmədli uzun illər ərzində ölkədə jurnalistika elminin formalaşmasına, media düşüncəsinin dərinləşməsinə və peşəkar kadrların yetişməsinə mühüm töhfələr vermiş ziyalıdır:
“O, jurnalistikanı yalnız informasiya ötürən mexanizm kimi deyil, ictimai məsuliyyət, etik dəyərlər və milli maraqlarla bağlı strateji sahə kimi dəyərləndirən elmi yanaşması ilə seçilir”.
V.Zifəroğlu həmçinin vurğulayıb ki, Cahangir müəllim media proseslərinə analitik və prinsipial münasibəti, sözə və fikrə yüksək məsuliyyəti, elmi obyektivliyi ilə jurnalistika ictimaiyyətində xüsusi nüfuz qazanıb:
“Onun elmi və pedaqoji fəaliyyəti bir neçə nəsil jurnalistin dünyagörüşünün formalaşmasında həlledici rol oynayıb. Milli media maraqlarına həssas yanaşan, eyni zamanda qlobal informasiya proseslərini də dərindən izləyən Cahangir Məmmədli, Azərbaycan jurnalistikasında etik dəyərlərin, peşəkarlığın və elmi yanaşmanın qorunmasında öz sözünü demiş müəllimimizdir.
Doğum günü münasibətilə Cahangir müəllimimizə möhkəm can sağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq”.