Bu gün Azərbaycan mətbuatının qocaman müəllimi Cahangir Məmmədlinin doğum günüdür. Uzun illərdir mətbuat mühitində öz sözü, mövqeyi və yanaşması ilə seçilən Cahangir Məmmədli həm qələm sahibi, həm də də media düşüncəsinin formalaşmasına təsir göstərən ziyalı kimi tanınır. Onun publisistikası və fikirləri dövrün proseslərini anlamaq baxımından hər zaman diqqət çəkib. Media haqqında danışarkən faktlara söykənən, emosiyadan çox məntiqə üstünlük verən yanaşması Cahangir müəllimi oxucu və dinləyici üçün etibarlı söz sahibinə çevirib.
Modern.az saytı doğum günündə professor, filologiya elmləri doktoru Cahangir Məmmədliylə həmsöhbət olub.
Cahangir müəllim deyir ki, illər keçsə də, hər zaman özünü ruhən cavan sayıb:
“Çünki həyatım elə mərhələlərdən keçib ki, insan bu mərhələlərdən sonra ya sınır, ya da daha da möhkəmlənir. Mən müharibə görmüşəm, ən ağır çağları yaşamışam. Dünyanın ən çətin dövrlərinə şahid olmuşam. Amma bütün bunlara baxmayaraq, bu gün özümü yenə də cavan hiss edirəm.
Biz torpaqlarımızı geri qaytardıq. Ağdamımız azad olundu, kəndlərimiz dirçəldi. Bu qələbə təkcə Ordunun yox, bütün xalqın, şəhidlərin və Ali Baş Komandanın birgə zəfəridir. Bu qalibiyyət mənə də ruh verdi. Elə bilirəm ki, həyatımda yeni bir mərhələ başlayıb. Müharibədən çıxmış bir insan kimi bu gün azad torpaqlarda yaşamaq, nəfəs almaq məni mənən yenidən cavanlaşdırdı.
Ad günlərimi hər il eyni tarixdə - 26 yanvar tarixində qeyd edirəm. Beş qızım var, onların ailələri ilə birlikdə hamımız bir araya toplaşır, doğum günümü qeyd edirik. Bu mənim üçün dünyanın ən böyük xoşbəxtliyidir. Elə anlar olur ki, insan özünü sözlə ifadə edə bilmir. Məsələn, bu gün universitetin Jurnalistika fakültəsində müəllimlər, dostlarım bir araya gəlib ad günümü qeyd etdilər. O qədər səmimi və isti bir mühit idi ki, insan özünü doğrudan da çox dəyərli hiss edir. Hər il ad günüm mənim üçün özünəməxsus bir xatirəyə çevrilir”.
C.Məmmədli bildirib ki, Azərbaycan elə bir inkişaf mərhələsindədir ki, bu inkişaf onu hər gün ruhlandırır:
“Ölkənin dinamikası, cəmiyyətin dəyişməsi, medianın inkişafı mənə yeni enerji verir. Yeni yaşımı da məhz bu ruhla, qalibiyyət hissi ilə qarşılayıram.
Universitet illərində böyük insanlar məni əhatə edib. Atam müharibədən qayıtmamışdı, mən yetim böyümüşdüm. Amma Jurnalistika fakültəsinə qəbul olunandan qısa müddət sonra müəllimlərim məni öz övladları kimi qəbul etdilər. Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Famil Mehdi kimi ziyalılar mənim formalaşmağımda ata qədər rol oynadılar. Onlar təkcə müəllim olmadılar, mənə həyat dərsi verdilər. Mən də çalışdım ki, onların etimadını doğruldum, yaxşı oxudum, məsuliyyətimi dərk etdim. Sonradan məni öz yerlərində müəllim saxladılar. Əgər etimadlarını doğrultmasaydım, buna heç vaxt imkan verməzdilər”.
Professor jurnalistlərdən saysız-hesabsız təbriklər aldığını dilə gətirib:
“Bir çox tanınmış jurnalistlər, media nümayəndələri məni səmimi şəkildə yad edirlər. Bu sevgi insanı həm kövrəldir, həm də məsuliyyətini artırır. Bu gün bir daha anladım ki, Azərbaycan jurnalistikası məni çox istəyir.
Üzərində işlədiyim əsas elmi iş yeni jurnalistikanın xüsusiyyətlərinə həsr olunub. Elə hazırda da “Yeni jurnalistikanın əsas xüsusiyyətləri” mövzusunda bir kitab üzərində çalışıram. Bu dərslik və ya dərs vəsaiti kimi nəzərdə tutulur. Müasir medianın aktual problemləri, internet jurnalistikası, ənənəvi medianın transformasiyası, region jurnalistikasının sıradan çıxması, süni intellektə kimi mövzuları sistemli şəkildə araşdırıram”.
C.Məmmədli onu da əlavə edib ki, tələbələrlə ünsiyyət onun üçün xüsusi əhəmiyyət daşıyır:
“Onları öz balalarım, doğmalarım kimi görürəm. Onların yanında, auditoriyaya daxil olduqda elə bilirəm dünyanı mənə bağışlayırlar. Proqramdankənar oxuduqlarımı, öyrəndiklərimi hər gün onlarla bölüşürəm. Mənim üçün əsas olan tələbələrə təkcə peşə yox, ilk növbədə onlara media mühitində dünyagörüşü aşılamaqdır.
Təqaüdə çıxmaq məsələsinə gəlincə, doğrusu, bu anlayış mənim üçün bir qədər ağır səslənir. Universitetdə, fakültədə mənə qarşı o qədər sevgi var ki, onlar da məni buraxmazlar. Mən peşəyə bağlı adamam. Jurnalistika mənim həyat tərzimdir. Bu sahədə xeyli məzun yetişdirmişik və bu gün Azərbaycan mediasının demək olar ki, hər sahəsində bizim tələbələr çalışır. Onlar da müəllimlərini həmişə hörmətlə xatırlayırlar.
Elə Mirşahinin də bir neçə gün öncəki müsahibəsində dediyi kimi, “mən peşənin özüyəm”. Bu ifadə mənə çox yaxındır. Çünki mən də jurnalistikaya vurğunam və bu peşədən ayrılmaq mənim üçün sadəcə işdən çıxmaq yox, həyatımın bir hissəsindən ayrılmaq demək olardı”.
Qeyd edək ki, Cahangir Məmmədli 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində dünyaya göz açıb. O, 1968-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Elə həmin ildən etibarən Jurnalistika fakültəsində pedaqoji fəaliyyətə başlayıb. Bu gün onun 84 yaşı tamam olur.
Biz də Cahangir müəllimi təbrik edir, ona uzun ömür və can sağlığı arzu edirik!