“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində sonuncu turun oyununa hazırlaşır. Modern.az xəbər verir ki, komandamız 8-ci turda çətin səfər oyununa çıxacaq - İngiltərədə yerli “Liverpul”un qonağı olacaq. “Liverpul” - “Qarabağ” oyunu Bakı vaxtı ilə yanvarın 29-u saat 00:00-da başlayacaq.
Bu oyun həm “Liverpul”, həm də “Qarabağ” üçün prinsupial xarakter daşıyır. "Liverpul" mütləq qalib gəlmək istəyəcək, çünki bu halda 1/8 finala vəsiqəni birbaşa təmin edəcək. Heç-heçə və ya uduzmaq “Liverpul”u "pley-off"a çıxaracaq ki, bu halda da komanda hansısa rəqiblə daha iki oyun (evdə və səfərdə) keçirməli olacaq. UEFA ekspertlərinin hesablamalarına görə, "Qarabağ" 90% Çempionlar Liqasının 24 komandası arasına - yəni "pley-off" mərhələsinə çıxışı təmin edib. "Qarabağ" “Liverpul” üzərində qələbə qazansa və ya heç-heçə etsə "pley-off"a öz hesabına adlayacaq. Amma komandamız uduzacağı təqdirdə bir neçə digər oyunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçəcək. Belə ki, 8-ci turda keçiriləcək 7 oyunun nəticəsi "Qarabağ" üçün çox maraqlı olacaq. Əgər həmin 7 oyundan 2-sində, məsələn, "Barselona" (İspaniya) - "Kopenhagen" (Danimarka) oyununda ispanlar uduzmasa, eyni zamanda "Napoli" (İtaliya) - "Çelsi" (İngiltərə) matçında ingilislər məğlub olmasa, "Qarabağ"ın "pley-off"a yolu istənilən halda avtomatik açılır. "Qarabağ"ın uduzacağı təqdirdə "pley-off"a çıxması üçün açağıdakı oyunlarda adları qara şriftlə verilmiş klublardan heç olmasa ikisi uduzmamalıdır: "Napoli" (İtaliya) - "Çelsi" (İngiltərə) PSV (Hollandiya) - "Bavariya" (Almaniya) "Monako" (Fransa) - "Yuventus" (İtaliya) "Bayer Leverkuzen" (Almaniya) - "Vilyarreal" (İspaniya) "Atletik" (İspaniya) - "Sportinq" (Portuqaliya) "Ayaks" (Niderland) - "Olimpiakos" (Yunanıstan) "Barselona" (İspaniya) - "Kopenhagen" (Danimarka)
Yeri gəlmişkən, "Qarabağ"ın “pley-off”dakı potensial rəqibləri də artıq məlumdur: komandamız növbəti mərhələdə bu 4 klubdan biri ilə qarşılaşacaq. Bunlar İngiltərənin “Nyukasl”, İtaliyanın “Atalanta” və “İnter”, Almaniyanın “Borussiya Dortmund” klublarıdır.
Qeyd edək ki, "Qarabağ" da daxil olmaqla daha 17 komanda “pley-off” mərhələsi üçün yarışacaq. A.Qorxmaz