Bakıda səhiyyə sahəsində mühüm yenilik qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Bayramov brifinqdə deyib. O, yeni nəsil “MedBot” robotik cərrahiyyə sisteminin əməliyyat keçirdiyini bildirib. Vüqar Bayramov əlavə edib ki, robotik cərrahiyyə əməliyyatları daha yüksək dəqiqliklə icra olunur və bu zaman qan itkisi minimuma endirilir. Onun sözlərinə görə, yeni nəsil “MedBot” robotik cərrahiyyə sistemi əməliyyatların həm yerində, həm də məsafədən idarə olunmasına imkan yaradır. Cərrah xəstənin yanında olmadığı halda da əməliyyatın icrası mümkündür.
Bundan başqa, yeni nəsil “MedBot” robotik cərrahiyyə sistemi əməliyyatların məsafədən idarə olunmasına imkan verir. Real vaxt rejimində digər ölkələrin mütəxəssisləri platformaya qoşularaq əməliyyat prosesində iştirak edə, məsləhət və texniki dəstək göstərə bilirlər. Qeyd olunub ki, təhlükəsizlik mexanizmləri yüksək səviyyədə qurulub – robotda hər hansı texniki nasazlıq yarandığı halda sistem avtomatik olaraq dərhal dayanır. Bu da əməliyyat zamanı pasiyentin təhlükəsizliyini tam təmin edir. Platforma üzərindən ilk robotik cərrahi əməliyyat artıq uğurla həyata keçirilib. Məlumata görə, ilkin mərhələdə öd kisəsi əməliyyatı icra olunub və nəticələr qənaətbəxş qiymətləndirilib.