Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün "Sənaye 4.0"ın tətbiqi trend deyil, təhlükəsizliyin təmin olunması, rəqəmsallaşmanın artırılması, zavodlarda istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılması və iqtisadi göstəricilərin artırılması üçün istifadə olunan həll yollarıdır.
Modern.az xəbər verir ki, bunu "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı bu gün "SOCAR Karbamid" zavodunun Dünya İqtisadi Forumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul olunması münasibətilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, "SOCAR Karbamid" zavodunun "Rəqəmsal Mayak" ("Digital Lighthouse") layihəsi üzrə mükafat almasının əsas səbəbi zavodda icra olunan rəqəmsallaşma, süni intellekt, "Sənaye 4.0"ın tələblərinə uyğun bir sıra həllərin tətbiqi və nəticədə səmərəliliyin, istehsalat gücünün artırılması olub: "Mükafatın verilməsinin səbəblərindən biri plansız duruşların azaldılması və bir sıra tətbiqlərin icra olunması ilə bağlıdır. Bu mükafat əsasən zavodun istismar komandasının gördüyü işlərin nəticəsi və rəqəmsal həllərin tətbiqi nəticəsində səmərəliliyin artırılması və fəaliyyətin yüksəldilməsi istiqamətində görülən işlərlə əlaqədardır. Bu çərçivədə, layihə iki il ərzində icra olunub. 2023 və 2024-cü illərdə əsas təməllər və ondan sonra analitik həllərin tətbiqi ilə istismar gücünün yaxşılaşdırılması və xərclərin azaldılmasına nail olunub. Bu dövr ərzində zavodun istehsal gücü 21%-dən çox artırılıb. Səmərəlilik baxımından, hər ton karbamid istehsalı üçün istifadə olunan yanacaq sərfiyyatı - təbii qaz yanacağı - 24%-dən çox azaldılıb. Bu nailiyyəti əldə etmək üçün bir sıra həll yollarından istifadə olunub". E.Alxaslı vurğulayıb ki, SOCAR 2018-ci ildən bu şəbəkəyə qoşulub: "2020-ci ildə "Petkim", 2021-ci ildə isə "Star" neft emalı zavodu bu mükafatı alıb. İndi isə Karbamid zavodu bu siyahıya daxil olub. SOCAR dünyada üç dəfə bu mükafatı alan yeganə dövlət neft şirkətidir".
Səbinə HƏSƏNOVA