20 Yanvar — millətin vicdanına çevrilən tarix, xalqın sınmayan iradəsinin parlaq nümayişidir. Bu fikirlər Vəhdət Partiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə keçirilən görüşdə səsləndirilib. Modern.az xəbər verir ki, faciənin 36-cı ildönümünə həsr olunan tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi naminə canlarından keçmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi çıxışında 20 Yanvar faciəsini “Azərbaycan xalqının milli azadlıq hərəkatının zirvəsi, qürur tariximiz” adlandırıb. Həmin gecə ilə bağlı şəxsi xatirələrini bölüşən partiya sədri bildirib ki, 20 Yanvar hadisələrinə yalnız faciə prizmasından yanaşmaq düzgün deyil: “O gecə bir milyona yaxın insan küçələrdə idi. Bu, xalqımızın sarsılmaz iradəsinin, azadlıq sevgisinin təntənəsi idi. Bakının küçələrinə çıxan insanlar silahsız idilər, amma qəlbləri Vətən sevgisi ilə silahlanmışdı. Bu gün azad və suveren dövlətimiz varsa, bunu məhz həmin şəhidlərin fədakarlığına borcluyuq.”
Adəm İsmayıl Bakuvi 20 Yanvar həqiqətlərinin dünyada tanıdılmasının, gənc nəsil arasında təbliğinin əhəmiyyətini də vurğulayıb. Partiya sədri xatırladıb ki, 20 Yanvar faciəsi zamanı Ümummilli lider Heydər Əliyev həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib və orada çıxış edərək bu hadisəni yalnız xalqımıza qarşı deyil, bütün insanlığa qarşı törədilmiş amansız cinayət kimi qiymətləndirib. O əlavə edib ki, məhz Ulu öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi və siyasi qiymət verilib.
Bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhid ailələri və əlilləri dövlət qayğısı ilə əhatə olunub.
Daha sonra tədbirdə 20 Yanvar faciəsinin dəhşətini və həmin gecə yaşanan ağır anları əks etdirən film nümayiş etdirilib.
Türkoloq alim, professor, azadlıq hərəkatının iştirakçısı Firudin Ağasıoğlu çıxışında 20 Yanvar faciəsindən sonra baş verən siyasi proseslərə toxunub: “Həmin vaxt hadisələrin araşdırılması üzrə komissiyanın hesabatında səbəbkarlar qismində Mixail Qorbaçov, Dmitri Yazov və Yevgeni Primakovun adını yaznışdıq. Amma sonra hesabatdan Primakovun adı çıxarıldı, necə olduğunu da bilmədik”.
Azadlıq hərəkatının üzvü, fəlsəfə doktoru Ənvər Əliyev 20 Yanvar tarixinin yalnız xatırlanmalı deyil, eyni zamanda yaşadılmalı olduğunu vurğulayıb. Onun fikrincə, bu faciə milli yaddaşın ayrılmaz hissəsi kimi daim cəmiyyətin diqqət mərkəzində saxlanılmalıdır.
Şəhid Əliyusif Qocamanovun qızı Maral Zamanova çıxışında 20 Yanvar gecəsinin dəhşətlərinin bu gün də gözləri önündə canlandığını deyib. O, əlində heç bir silah olmadığı halda tankların qarşısına çıxan insanların “Milli qəhrəman” adına layiq olduğunu, amma bu adı almadıqlarını qeyd edib.
Tədbir boyunca təsirli anlar yaşanıb. Şəhid ailələrinin üzvləri xatirələrini bölüşərkən göz yaşlarını saxlaya bilməyiblər. Şəhid Xurşud Əsəgərovun qardaşı Oruc Əsgərli və Şəhid Yusif Qasımovun həyat yoldaşı Reyhanə Meşqi qanlı yanvar gecəsi itirdikləri əzizləri ilə bağlı xatirələrini paylaşıblar. Üzərindən illər keçsə də, acının unudulmadığını, şəhidlərin öz qanları ilə azadlıq dastanı yazdıqlarını qeyd ediblər.
Reyhan İsmayılova çıxışında kövrələrək bildirib ki, qardaşı Cavad cəmi 27 yaşında güllələnərək şəhid olub: “Artıq 36 ildir bu dərdlə yaşayırıq. Evdən oğul getdi, evdən ümid getdi. Həmin dəhşətli gecədə yüzlərlə oğlumuz, qızımız torpağa tapşırıldı. Onlar Vətən üçün seçilmişlər oldular”.
Esmira Mehdiyeva isə göz yaşları içində vurğulayıb ki, həyat yoldaşı Vidadi Məmmədov SSRİ hökumətinin tapşırıqlarını icra etmədiyinə görə hədəfə çevrilib.
Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə, eləcə də 20 Yanvar qəhrəmanlarının adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər üçün minnətdarlıqlarını bildiriblər.


