Son günlər İranda baş verən hadisələr fonunda Pəhləvilər ailəsi də gündəmə gəlib. İranın 1979-cu ildə devrilmiş sonuncu şahı Məhəmməd Rza Pəhləvinin ABŞ-da yaşayan oğlu - vəliəhd şahzadə Rza Pəhləvi hər yola baş vurur ki, Tehranda hakimiyyət başına keçsin. Lakin hadisələr hələ ki onun istədiyi axarla davam etmir və deyəsən Rza Pəhləvinin İranda hakimiyyətə gəlmək xəyalı da puç olur. İran mövzusunun və Pəhləvilər ailəsinin dünya mətbuatında aktuallaşması 2003-cü ildə çəkilmiş italyan-alman birgə istehsalı olan "Soraya" filmini də gündəmə gətirib. Film devrilmiş şah Məhəmməd Rza Pəhləvi və onun ikinci həyat yoldaşı Sürəyya İsfəndiyari-Bəxtiyarinin evliliyindən bəhs edən tarixi əsaslı bioqrafik ekran əsəridir.
Filmin rejissoru Ludoviko Qasparinidir. Premyerası 5 oktyabr 2003-cü ildə baş tutub.
Bir tərəfdən İranda siyasi hadisələr başlayır, digər tərəfdən monarxik ailə taxt-tacın varisi olacaq və monarxiyanın əbədiləşdirilməsini təmin edəcək bir uşağın doğulmasını gözləyir. Bütün bunlar isə siyasi və saray intriqaları ilə bir-birinə qarışır və nəticədə Məhəmməd Rza Pəhləvi ilə Sürəyyanın ayrılmasına səbəb olur. Filmdə Sürəyya obrazını Anna Valle, şah Məhəmməd obrazını isə Erol Zadner canlandırıb. Stoyan Aleksiyev, Matilda Mey və başqaları da bu ekran əsərində rol alıblar. Kino tənqidçiləri qeyd edirlər ki, rejissor Ludoviko Qasparini monarxik cütlüyün saray həyatını, ölkənin daxili aləmini, tarixi və siyasi inkişafları bir-birinə qarışan İranı ekranda yaxşı canlandıra bilib.
Sürəyya İsfəndiyari-Bəxtiyari isə keşmiş ərinin ölümündən 21 il sonra - 2001-ci il oktyabrın 25-də Parisdə vəfat edib. A.Qorxmaz