AZAL-a məxsus mülki təyyarənin vurulması ilə nəticələnən faciədən 1 ildən çox vaxt keçsə də, Rusiya tərəfi faciəyə məsul şəxsləri cəzalandırmaqda maraqlı deyil. Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinə atəş əmrini 11-ci hava hücumundan müdafiə ordusunun komandan müavini, general-mayor Aleksandr Tolopilonun verdiyi məlumdur. Xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında jurnalistlərə açıqlamasında qeyd edib ki, Rusiya tərəfinin göndərdiyi rəsmi məktubda Rusiya İstintaq Komitəsinin general-mayor Aleksandr Tolopilo barəsində aparılan araşdırmanı dayandırdığı göstərilib.
Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Arzuxan Əlizadə bildirib ki, general Aleksandr Tolopilo barədə cinayət işi sonacan aparılmalı və o cəzalandırılmalıydı:
“Təbii ki, söhbət cinayətkardan gedir. Onun törətdiyi cinayət əməli nəticəsində AZAL-a məxsus mülki təyyarə vurulub və insanlar həyatını itirib. Bu, ağır beynəlxalq cinayətdir. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq Rusiya tərəfi dərhal cinayət işi açmalı, istintaqı sona qədər aparmalı və təqsirli şəxsi cəzalandırmalı idi”.
Deputat qeyd edib ki, Rusiya əksinə istintaqı bağlayırsa, onda məsələ beynəlxalq səviyyədə qaldırılmalıdır:
“Əgər bu baş vermirsə, Azərbaycanın məsələni beynəlxalq müstəviyə çıxarmaq hüququ və zərurəti yaranır. Beynəlxalq aviasiya qurumlarına müraciət edilməli, komissiya rəyləri və mövcud sübutlar təqdim olunmaqla həm konkret şəxs, həm də cinayətdə iştirak edən digər şəxslər beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır.
Hesab edirəm ki, Azərbaycan tərəfi artıq bu istiqamətdə addımlar atır və bu məsələni sona qədər tələb edəcək. Rusiya tərəfinin mövqeyi bəllidir: belə hallarda istintaqı qapalı, müstəqil və beynəlxalq nəzarətdən kənar aparmağa çalışır. Lakin bu yanaşma onu məsuliyyətdən azad etmir.
Belə vəziyyətdə qiyabi həbs qərarının verilməsi tam hüquqi mexanizmdir. Bu isə həmin şəxsin faktiki olaraq digər ölkələrə səyahət imkanlarını məhdudlaşdırır. O, Rusiya hüdudlarından kənara çıxdığı təqdirdə həbs olunmalı və məsuliyyətə cəlb edilməlidir”.
Hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, son dövrlərdə bu məsələ ən çox müzakirə olunan mövzulardan biridir və son dərəcə ciddi hüquqi-siyasi presedent yaradır:
Rusiya daxilində istintaqın dayandırılması Azərbaycanın manevr imkanlarını bağlamır, əksinə, beynəlxalq mexanizmlərin daha da aktivləşdirilməsinə şərait yaradır. Hücum əmrini verdiyi iddia edilən general-mayor Aleksandr Tolopilo barəsində Rusiya İstintaq Komitəsi araşdırmanı dayandırıb. Bu barədə Komitənin sədri Aleksandr Bastrıkin məlumat verib. Hüquqi baxımdan bu, effektiv istintaq aparılmaması, cəzadan yayınma və dövlətin beynəlxalq öhdəliklərini yerinə yetirməməsi deməkdir. Bu vəziyyət Azərbaycanın beynəlxalq hüquqa çıxış qapısını açır. Azərbaycan Cinayət Məcəlləsinin müddəalarına əsasən cinayət işi başlana bilər, qiyabi cinayət təqibi tətbiq oluna bilər. Qiyabi cinayət təqibi isə beynəlxalq axtarış üçün hüquqi zəmin yaradır. KİV-də yayılan məlumatlardan məlum olur ki, prosesdə iştirakı olan hərbçilər müəyyən edilib. Onlarla bağlı axtarış elan edilə bilər".
Hüquq müdafiəçisi qeyd edib ki, bu hadisə mülki hava gəmisinə qarşı müdaxilədir və Çikaqo Konvensiyasının kobud şəkildə pozulması hesab olunur:
"Azərbaycan artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edib və ümumi məlumat təqdim olunub. Rusiya təhlükəsizlik üzrə öhdəliklərini pozan dövlət kimi hüquqi prosedurlarla üzləşə bilər. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Rusiya müvafiq tədbirlər görməzsə, beynəlxalq təşkilatlara müraciət ediləcək. Bu proses siyasi deyil, texniki-hüquqi xarakter daşıyır və əhəmiyyətli tədbirlərdən biri hesab olunur.
Azərbaycan Rusiyanı Avropa İnsan Hüquqları Məhkəməsinə də verə bilərdi, lakin hazırda Rusiya həmin məhkəmənin yurisdiksiyasından çıxıb. Yaşamaq hüququnun pozulması ilə bağlı iş üzrə effektiv istintaq aparılmayıb".
Onun sözlərinə görə, beynəlxalq axtarış elan etmək mümkündür, lakin bu, olduqca çətindir:
"İnterpol siyasi və hərbi məsələlərdə adətən qırmızı bülleten verməkdən ehtiyat edir və Rusiya belə sorğunu böyük ehtimalla bloklamağa çalışacaq. Bununla belə, istintaq üçün istisna hallar mövcuddur. Çünki hadisə nəticəsində 30-dan çox mülki şəxs həlak olub və bu, beynəlxalq aviasiya təhlükəsizliyinin pozulması kimi qiymətləndirilə bilər. Bu halda qırmızı bülleten yox, qarışıq informasiya bildirişi mümkün ola bilər və həmin şəxslər diplomatik toxunulmazlıqdan yararlana bilməzlər.
Ən güclü hüquqi-siyasi alət kombinə edilmiş mexanizmlərdən istifadə etməkdir. Azərbaycan artıq bu modeldən istifadə edir. Baş Prokurorluq tərəfindən təyyarənin vurulması ilə bağlı cinayət işi başlanıb, Beynəlxalq Mülki Aviasiya Təşkilatı üzərindən beynəlxalq təzyiq mexanizmləri işə salına bilər, eyni zamanda BMT və tərəfdaş ölkələrlə paralel sənədləşdirmə aparıla bilər.
Bu yanaşma həm fərdi, həm də dövlət məsuliyyəti modelini formalaşdırır. Rusiya istintaqı dayandırmaqla məsuliyyətdən yayınmış olmur, əksinə, beynəlxalq hüquqi təcrid zonasına daxil ola bilər. Cinayət istintaqının dayandırılması Rusiyanın məsuliyyətini aradan qaldırmır və ölkə beynəlxalq təzyiqlərlə üzləşə bilər.
Rusiyanın təcrübəsində digər ölkələrin mülki aviasiya təyyarələrinə qarşı oxşar presedentlər mövcuddur. Bu kontekstdə əsas məsələ təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və hüquqi cavabdehliyin təmin edilməsidir. Əgər dövlət bundan imtina edərsə, bu davranış beynəlxalq müstəvidə geniş şəkildə ifşa edilməlidir".
Xatıladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.