2000-ci illərdən başlayaraq, İranda hər 2-3 ildən ciddi etiraz aksiyaları həyata keçirilib. Və bu etirazlardan hər biri yatırılıb. Hazırki etirazlar isə əvvəlkilərdən fərqləndirilir. Ekspertlər düşünür ki, bu dəfə baş verənlər "dövlət böhranıdır".
İrana xarici müdaxilələrdən gözlənilir. ABŞ lideri Donald tramp bunu açıq bildirib.
Modern.az İranda baş verənlərlə bağlı Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvlərinin mövqelərini öyrənib.
Milli Məclisin Azərbaycan-İran parlamentlərarası işçi Qrupunun üzvü Ceyhun Məmmədov saytımıza açıqlamasında bildirib ki, İranda vəziyyət kifayət qədər mürəkkəb və ağırdır:
“Əvvəlki dövrlərdə də belə hadisələr baş verib. Amma bu dəfə baş verən hadisələr əvvəlkindən daha mürəkkəb və daha ağır proses təsiri bağışlayır. Və ona görə mən düşünürəm ki, hazırda proqnoz vermək çox çətindir. Bir variant odur ki, rejim sarsılmayacaq, hakimiyyəti əlində saxlayacaq. Yəni, bu mitinqləri də zor gücünə yatırdacaqlar. Bunu son atılan addımlardan açıq görürük. İkinci variant, Amerikanın hücum edib, İranı vurmasıdır. Bu da rejimin çökməsinə gitirib çıxara bilər. Amma ABŞ-nin hücumu nəticəsində xalqın hakimiyyətin ətrafında birləşmə ehtimalı da var və bu da çox yüksək bir ehtimaldır. Buna görə mən düşünürəm ki, bir-iki günə hər şey tam bilinəcək. Yəni ola bilsin ki, bu dəfə də İran rejimi baş verən hadisələri atlada bilsin. Kənar müdaxilə olmayacağı təqdirdə, əhalini qırmaq hesabına da olsa bu iğtişaşların qarşısını alması mümkündür. İranın çox güclü sisteminin olmasını, ordusu və təhükəsizlik qüvvələrinin mövcudluğunu unutmamalıyıq. Yəni İranı çökdürmək asan məsələ deyil. Bu hadisələrin baş verməsi özü də bölgə üçün təhlükə vəd edir”.
Deputat vurğulayıb ki, hadisələrin bu tərzdə inkişafı Azərbaycan üçün problemlər yarada bilər:
“Hazırki məqamda İranda yaşayan bir çox xalqlar təşkilatlanır. Mənim oradakı azərbaycanlıların təşkilatlanması ilə bağlı narahatlığım var ki, əgər dəyişiklik olarsa, burada nə baş verəcək? Ortada İranın parçalanması və yeni dövlətin yaradılması məsələsi var. Hazırda bölgədə iki güclü dövlət var: İran və Türkiyə. İrandan sonra artıq Türkiyənin də hədəfə gəlmə ehtimalları çox yüksəkdir və bu da bizi müəyyən mənada narahat etməlidir.
Ona görə bu prosesin xətasız keçməsini arzu edirik və dəyişiklik olduğu təqdirdə də təbii ki, azərbaycanlıların burada, yəni müttəşəkkil olması və eyni zamanda proseslərdən geri qalmaması çox əhəmiyyətlidir. İranın çoxlu proksi, mütəşəkkil qüvvələri var. Yəni İranda sabitliyi bərqərar etmək çox çətin olacaq. Köhnə sistem yenidən hakimiyyətə gəlmək üçün ciddi bir mübarizə aparacaq. O mənada həmin müxtəlif qüvvələr ayrı-ayrı ölkələrə gedərək orada eyni fəaliyyətlərini davam etdirəcəklər.
Mən düşünürəm ki, həssas, təhlükəli məsələ İranın həmin proksi qüvvələri, yaratdığı şəbəkələr olacaq. İrana Azərbaycanda da simpatiyası az olmayan müəyyən qüvvələr var. İranın İraqda, Liviyada, az da olsa Suriyada qüvvələri mövcuddur. Onların idarəçiliyinin necə olacağı, hansı işləri görəcəkləri ciddi narahatlıq doğruan məsələdir”.
Həm də Milli Məclisin Elm və təhsil komitəsinin üzvü olan Ceyhun Məmmədov azərbaycanlı tələbələrə hadisələrin təsirindən danışıb:
“İrandakı tələbələrimizə də baş verənlər öz təsirini göstərəcək. Burada bir neçə məqamlar var. Onların bir neçəsi ilə bağlı burada araşdırmalar gedir. Onların bura qayıtmasında müəyyən problemlər olacağı kimi, İranda qalması da problemlər yaradacaq. Təbii dövlətimiz müvafiq lazımi addımları atacaq. Amma tələbələrin də, orada yaşayan vətəndaşlarımızın da sayı az deyil. Onların hansı addım atacağı, yaxud Azərbaycana gələcəyi təqdirdə hansı işlərlə məşğul olacağı da çox önəmlidir. Yəni İranda hazırki ideologiyanı tamamilə sıradan çıxarmaq mümkün deyil. Çünki bu bir ənənədir. Burada məsələ kifayət qədər mürəkkəbdir”.
Milli Məclisin Azərbaycan-İran parlamentlərarası işçi Qrupunun digər bir üzvü Hikmət Babaoğlu isə qeyd edib ki, İranda baş verən hadisələr ölkənin siyasi, ideoloji və iqtisadi reallıqlarının nəticəsi olaraq mümkün olub:
"Dəyişən və yeniləşən dünyada, yeni dünya nizamının formalaşdığı tarixi bir mərhələdə bütün ölkələrdə olduğu kimi, İranda da dəyişiklik zərurəti yaranıb. Dəyişiklik və islahatlar isə tarixən iki formada baş verir: yuxarıdan aşağıya doğru təşəbbüslər və aşağıdan yuxarıya doğru təşəbbüslər. Dünyanın nəbzini, yeni dövrün dəyişən ahənginini düzgün tutmağı bacaran dövlətlər və siyasətçilər xalqının və ölkəsinin maraqlarını uzlaşdıraraq rasional qərarlar verirlər və mürəkkəb tarixi prosesləri milli maraqları lehində çevirməyi bacarırlar. İranda baş verənlərə sadəcə sosial-iqtisadi hadisələr kimi yanaşmaq olmaz. Bu həm də dini, ideolloji məsələdir. İran yeniliyə məhkumdur".
İrana kənar müdaxilə olacağı təqdirdə bunun regiona təsirlərini isə deputat belə dəyərləndirib:
"İran elə bir coğrafiyada yerləşir ki, buna hər hansı bir kənar müdaxilə təkcə İranın dəyişməsinə səbəb olmayacaq. İranın həm coğrafi , həm etnik daxil struktur, həm də ideoloji, dini baxımdan uzun illərdir ki, regiondakı dövlətlər arasında ideoloji münasibətlərin qurulmasında özünəməxsus bir rol oynayıb. Neqativ də olsa, bu sistemin dağılması müəyyən fəsadlar yaradacaqmı sualın cavabı da təəssüf ki, bəlidir. Bir növ yarıməsirlik ahəng pozulacaq. Bu həm fiziki-coğrafi, həm etnik-mədəni, həm də sosial-iqtisadi kontekstdə baş verə bilər. Kənar müdaxilələrin olması mümkündür. Çünki biz 12 günlük müharibəyə şahidlik etmişik. ABŞ-nin regiona birbaşa müdaxiləsi isə mənə elə gəlir ki, İranda mövcud olan siyasi dinamiklərin davranışından asılı olacaq. ABŞ heç vaxt özünün sosial bazasını təmin etmədən o ölkəyə müdaxilə etmir. Mənə elə gəlir ki, ABŞ hazırda bəlkə də, artıq uzun illərdir, İranda onun mövqeyini dəstəkləyəcək sosial baza formalaşdırıb. Bu prosesi tam başa çatdırdıqdan sonra müdaxiləni ən müxtəlif yollarla edə bilər. Bizim isə arzumuz ondan ibarətdir ki, bu müdaxilə hərbi üsullarla deyil, yumşaq metodlarla həyata keçirilsin ki, İran xalqının lehinə olsun".