“Türkiyə ABŞ-ın İrana hərbi müdaxiləsinin əleyhinədir. Türkiyənin siyasi dairələrini anlamaq olar. ABŞ-ın vaxtilə İraqa və Suriyaya hərbi müdaxilələri Türkiyəyə ciddi problemlər yaratdı. Ona görə də Ankarada hesab edirlər ki, ABŞ-ın İrana mümkün müdaxiləsi Türkiyəyə əlavə problemlər yaradacaq”. Modern.az-ın məlumatına görə, bu fkirləri İran-ABŞ münasibətlərindəki gərginliyi şərh edən siyasi şərhçi Elxan Şahinoğlu bildirib. “Bu səbəbdən Ankara müdaxilə ssenarisinin qarşısını almaq üçün Vaşinqtonla təmasları yoğunlaşdırıb. Öz növbəsində Tehran Ankaranın imkanlarından istifadə etməyə qərar verib. ABŞ Prezidenti Donald Tramp İranda baş verən qətliamlar fonunda İran rəsmiləri ilə təmaslara ara verdiyini elan etdikdən sonra Tehran Ankaraya müraciət edib. İran və Türkiyə xarici işlər nazirləri Abbas Əraqçi və Hakan Fidan 24 saat ərzində iki dəfə telefonla danışıblar. Tehran Ankaranın Vaşinqtonu müdaxilə ssenarilərindən imtina etməsinə inandırmasını istəyir. Hakan Fidan Abbas Əraqçi ilə danışıqlardan sonra ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barrakla görüşüb. Tom Barrak səfir olmaqla yanaşı Donald Trampın yaxın dostudur və onun dövlət katibinin başı üzərindən Prezidentlə birbaşa təmas imkanı var. Barrak Ankaranın istəyini Trampa çatdıracaq”, - E.Şahinoğlu deyib. Ekspertin sözlərinə görə, ABŞ Prezidenti İrana müdaxilə qərarı verərsə, Türkiyənin maraqlarını nəzərə almayacaq: “Türkiyə İranda təlatümlərin səngiməsini və bu dövlətin ərazi bütövlüyünü dəstəkləsə də, qardaş ölkədə İrandakı rejimin illər boyu PKK-nı dəstəklədiyini də unutmayıblar”. Politoloqun fikrincə, Donald Tramp İranla bağlı qərar veribsə, onu yerinə yetirməyə çalışacaq: "Bu onun şəxsi qərarı deyil. İranda rejim dəyişikliyi Vaşinqtonun çoxdankı arzusudur və ABŞ Prezidenti ələ düşən fürsətdən istifadə etməyi planlaşdırır".