“Ağdərənin gələcək inkişafı çox parlaq olacaq. İşğalçılar bu ərazidə faktiki olaraq heç bir salamat bina qoymayıblar”.
Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə söyləyib.
“Bax, təmir edilmiş bütün bu binalar bu gün dövlət tərəfindən təmir edilib. Ancaq talançılıqla məşğul olublar. “Dəmirli” filiz yatağından bəlkə 2 milyard dollar dəyərində, bəlkə də çox mis aparıblar. Bu, talançılıqdır, qanunsuz istismardır. İndi biz qayıtmışıq, orada işlər qurulub. Qeyd etdiyim kimi, orada 900-dən çox, təqribən 1000-ə qədər iş yeri yaradılacaq. Özü də tapşırıq vermişəm ki, oraya cəlb olunacaq vətəndaşlar bu bölgədə yaşayan vətəndaşlar olmalıdır. İndi oranı genişləndirmək üçün mütləq əlavə sərmayə də qoyulacaq.
Kənd təsərrüfatı, turizm – yəni bura təbii bir cənnətdir. Amma mənfur düşmən buranı viran qoyub, burada daşı daş üstə qoymayıb. Onlar hər il erməni təşkilatları tərəfindən 100 milyonlarla pul yığırdılar. Onların bir manatını da, bir dollarını da buraya qoymayıblar, hamısını talayıblar. Bizim evlərimizi yandırıblar, sizi didərgin salıblar, 1 milyon insanı didərgin salıblar, Ağdamı yerlə-yeksan ediblər, Füzulini də, Zəngilanı da, Qubadlını da. Kəlbəcərdə, Laçında, Xocalıda qanunsuz məskunlaşmışdılar. Xocalıya bir eybəcər ad da vermişdilər, amma heç biri tutmadı. Çünki bu torpaqların sahibləri bizik, biz gəlmişik və biz qurub-yaradırıq”, - deyə Prezident vurğulayıb.