Azərbaycanda minlərlə sahibkar eyni paradoksla üz-üzədir: satış var, müştəri var, iş gedir, amma biznes yerində sayır. Hətta bəzən satış artdıqca problemlər də artır. Bunun səbəblərini çox vaxt belə izah edirlər: Bazar daralıb, alıcılıq zəifləyib, rəqabət artıb, iqtisadi şərait çətindir. Halbuki bütün bu səbəblər sadəcə görüntüdür. Problemin kökü isə daha dərində - biznesin necə idarə olunmasındadır.
Azərbaycanda fəaliyyət göstərən kiçik və orta bizneslərin əksəriyyəti sahibkarın şəxsi bacarıqları üzərində qurulub. Biznes sahibinin işdən anlayışı, əlaqələri və şəxsi nəzarəti şirkətin əsas dayağına çevrilib. O, səhər mağazanı açır, gün ərzində satış edir, axşam hesabları yoxlayır, işçi ilə problem yaşayır, müştəri ilə mübahisəni özü həll edir. Bu model müəyyən mərhələyə qədər işləyir. Amma biznes böyüdükcə sahibkarın vaxtı və enerjisi ən zəif həlqəyə çevrilir. Bir nöqtədən sonra sahibkar biznesi idarə etmir, biznes sahibkarı idarə etməyə başlayır. Nəticədə iş günü uzanır, stress artır, qərarlar gecikir və səhvlər çoxalır. Bir çox yerli bizneslərdə “proses” anlayışı kağız üzərində deyil, insanların yaddaşındadır. İş qaydaları yazılmayıb, vəzifə bölgüsü dəqiq deyil, məsuliyyət anlayışı isə şəxslərdən asılıdır. Bu gün işini yaxşı bilən bir işçi çıxıb gedəndə bütün sistem çökür. Çünki ortada sistem yox, vərdiş var. Sahibkarın bir neçə gün işdən uzaqlaşması belə şirkətdə xaosa səbəb olur. Kim qərar verəcək? Kim məsuliyyət daşıyacaq? Kim nəyi etməlidir? Bu sualların cavabı olmadıqda biznes böyümür, sadəcə sağ qalmağa çalışır. Ən təhlükəli yanlışlıqlardan biri dövriyyəni qazanc hesab etməkdir. “Ayda 200 min manat dövriyyəm var” ifadəsi sahibkara güvən hissi versə də, real vəziyyəti əks etdirmir. Pul axını düzgün idarə olunmadıqda, biznes kağız üzərində böyüyür, amma daxilən zəifləyir. Xərclərin strukturu bilinmir, ehtiyat fondları yaradılmır, vergilər və risklər nəzərə alınmır. Nəticədə bir gün gözlənilməz problem çıxanda biznes bütün ağırlığı ilə sahibkarın üzərinə düşür. Maliyyə savadsızlığı biznesi səssiz şəkildə içəridən dağıdan ən ciddi amillərdən biridir.
Bir çox sahibkar qərarları “Belə hiss edirəm”, “Həmişə belə etmişik”, “Dostum dedi ki...” prinsipi ilə verir. Halbuki müasir biznes analitik düşüncə tələb edir. Rəqəmlər danışmalıdır. Hansı məhsul qazandırır, hansı xidmət zərər gətirir, hansı işçi effektivdir - bütün bunları bilmədən verilən qərarlar biznesi risk altına salır. Dünya praktikasında uğurlu şirkətlər intuisiyanı yox, datanı əsas götürür. Çünki hisslər aldatdığı halda, rəqəmlər gec-tez həqiqəti üzə çıxarır.
Biznesin böyüməsi üçün sahibkarın rolu dəyişməlidir. O artıq hər işi özü görən icraçı yox, sistem quran lider olmalıdır. Komanda qurmaq, səlahiyyət vermək, nəzarət mexanizmi yaratmaq böyümənin əsas şərtləridir. Bu keçid baş vermədikdə biznes müəyyən ölçüdə “tavanına dəyir”. Daha irəli getmək üçün satış yox, idarəetmə artmalıdır.
Azərbaycanda tez-tez “bazar yoxdur” ifadəsi işlədilir. Halbuki eyni bazarda biri bağlanır, digəri böyüyür. Fərq bazarda yox, yanaşmadadır. İdarəetmə mədəniyyəti formalaşmadıqca nə kreditlər, nə dövlət dəstəyi, nə də reklam kampaniyaları problemi kökündən həll edə bilər. Bu gün inkişaf edən bizneslər bir həqiqəti anlayıb: Biznes təsadüfən yox, idarəetmə ilə böyüyür. Bəlkə də sahibkarlar üçün əsas sual artıq “Necə edək ki, daha çox sataq?” yox, “Bu biznes məndən asılı olmadan necə işləyə bilər?” olmalıdır. Bu suala cavab tapılmadıqca satış artımı belə real inkişaf gətirməyəcək.
Çinarə Ağayeva Biznes məsləhətçi