Azərbaycan jurnalistikasında peşəkarlığın, prinsipial mövqenin və milli düşüncənin təcəssümü sayılan “Şirməmməd Hüseynov mükafatı” bu il tanınmış jurnalist, pedaqoq və ictimai xadim Qulu Məhərrəmliyə təqdim olunub. Təqdimat Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində keçirilib.
“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev: “Bu çox nadir mükafatlardandır ki, onun adına, təqdimat formasına, mükafatı verənə, mükafatı alana heç bir irad söylənmək mümkün deyil. İndi bilirsiniz ki, bizim mükafatların verilməsi çox müzakirə oluna bilər. Adətən mükafatların böyük əksəriyyəti mücərrəd olur, burada qəribə situasiya ondan ibarətdir ki, mükafatın adını daşıyan adamlarla, onu alan adamlar bir məclisdə oturan, bir yerdə işləyən insanlardır. Mən dünən Quluya dedim ki, yəqin ki, yaxın vaxtlarda bizim də adımıza mükafatlar olacaq. Təbii ki, sağlığında olsa daha yaxşıdır. Bir daha bu mükafat üçün çox təşəkkür edirəm. Bizi təkcə gedəndən sonra yox, sağlığımızda da qiymətləndirmək və dəyərini vermək çox böyük əhəmiyyətə malikdir və siz o bacarığı nümayiş etdirdiniz”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı: Arif Əliyev dediyi kimi bu dəyəri sağlığında vermək yaxşıdır. Biz dəyərlərimizə dəyər verməyi bacarmalıyıq. Sizin bu mükafat da dəyərlərimizə dəyər verməyin bir nümunəsidir. Qulu müəllim, sizi təbrik edir və uğurlar arzu edirəm. Eyni zamanda Elşad bəy sizi də təbrik edirəm, çünki çox dəyərli mükafat təsis edərək dəyərli insanlara təqdim edirsiniz”.
Parlament Jurnalistlər Birliyinin üzvləri Aqil Camal, Aqil Aslan, Alim Hüsynli, Şərq qəzetinin baş redaktoru Akif Aşırlı, Jurnalistika Fakültəsinin müəllimləri Qulu Məhərrəmlini təbrik edərək, ona fəaliyyətində uğurlar arzu ediblər.
Təbriklərdən sonra Qulu Məhərrəmliyə “Şirməmməd Hüseynov mükafatı” təqdim olunub. Q. Məhərrəmli təqdimata toplaşan hər kəsə təşəkkürünü çatdırıb: “Mükafat elə bir şeydir ki, onu hamı almaq istəyir. Layiqli mükafat olanda adam istəyir ki, adının qabağında o mükafatın adı olsun. Bəzi mükafatlar da olub ki, onunla bağlı heç vaxt həyacan olmayıb, kim istəsə onu da ala bilib. Amma “Şirməmməd Hüseynov mükafatı” elədir ki,bu mükafat çox şeyləri özündə ehtiva edir. Bəlli yaşdan sonra insan özünü dərk edəndə, mükafat onun üçün o qədər də önəmli olmur. Amma əlbəttə ki, mükafatın çəkisi çox önəmlidir. Şirməmməd müəllim mənə də dərs deyib, televiziyada da həmkarlıq etmişik, daha sonra auditoriyada da birlikdə dərs deyib, müəllim kimi həmkar olmuşuq. Əlbəttə ki, şəxsi münasibət yaranıb və bu münasibət də dəyərlər üzərində qurulub. Cahangir müəllim dedi, mən Şirməmməd müəllimi maşınımla evlərinə aparıb-gətirirdim, amma bu bir göstəricidir. Onun arxasında çox böyük münasibət dayanır. Şirməmməd müəllim birinci növbədə millətə-xalqa, dövlət düşüncəsinə təmannasız sevgini öyrətdi. Doğurdan da fərdi maraqları kənara qoyub, ictimai maraqlarla yaşaya bilirsənsə, bu başqa yoldur. İkincisi sözün həqiqi mənasında dəyərləri öyrətdi. Təkcə Məmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Həsən bəy Zərdabi haqqında bilmək deyil, onları yaşatmağı öyrətdi. Bunun əsasında çox böyük təmənassızlıq dayanır. Şirməmməd müəllimin müsahibələrinin birində belə bir yanaşma var, deyir ki, işıq düşməyən yerdə zəlzələ olur, işıq düşməyən yerlərdə bədbəxtliklər, faciələr olur. Mən arzu edirəm ki, Şirməmməd müəllimin adı ilə olan və olmayan, onun yolu ilə gedilən və gedilməyən hər yerdə işıq olsun. İnsanların içində işıq olmasa onlar həmişə balaca ölçülərlə düşünəcəklər. İşıq olanda insanlar böyük ölçülər görə bilir. Şirməmməd müəllimə rəhmət diləyirik. Onun qoyduğu, cızdığı yolun əsası da jurnalistika fakültəsi, azdan-çoxdan onu tanıyan insanlarla bağlıdır. Ona görə də, onu tanımayanlar o yolu gedə bilməyəcəklər. Mən gələn hər dostuma təşəkkür edirəm. Dəyərlər üst-üstə düşəndə o enerji, güc əmələ gətirir. Mən hər kəsə təşəkkür edirəm. Sevdiyim insanlara xüsusi ilə minnətdarlığımı bildiriəm, məni sevənlərə isə min qat təşəkkürümü bildirirəm. Çox sevindim sizlərin gəlişinizə”.
Təqdimatı Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, jurnalist Ülkər Hüseynova bitirib:
“Mən burada Şirməmməd müəllimin ən qədim tələsiyəm. Təxminən 70 il bundan qabaq o mənim müəllimim oldu. Onu hamıdan çox mən tanıyıram. Şirməmməd müəllim üçün hər şeydən əvvəl dövlət olub. 7-8 il əvvəl ictimaiyyətdə ciddi müzakirə olunan söhbətlər qaldırıldı. Mən ona dedim ki, sən qarışma, yaşlı adamsan, övladların var. O mənə dedi ki, dövlət olan yerdə övlad nədir. Mən o rəhmətə gedəndə çox fikirləşdim ki, qəbrinin üstünə nə yazdırım. Sonda onun da ən çox sevdiyi kəlmələri yazdırdım, - Ata-babalarınız bizə bu cənnət-məkan Azərbaycanı əmanət qoyub gedib. Bizdən sonra gələn nəsillər o əmanəti göz bəbəyi kimi qoruyub, gələcək nəsillərə çatdırmalıdır. Doğurdan da dünyada hər şey fərqli olub. Biz həmişə ayıq olmalıyıq. Bütün bunların hamısını Şirməmməd müəllim o vaxt da dərk edirdi. Burada yığışan hər kəsə, Elşad müəllim, sizə də çox təşəkkür edirəm. Biz söz də deyim. Şirməmməd müəllimin oxşarı yoxdur, olmayacaq da. Çünki onu mənim qədər tanıyan adam yoxdur. Sizə də təşəkkür edirəm ki, bu mükafatı təsis etdiniz. Çox istərdim ki, bu mükafatı alanlar həmişə ona layiq olsunlar”.
Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” altı il əvvəl Parlament Jurnalistlər Birliyi tərəfindən təşəbbüsü ilə təsis edilib. Mükafatın əsas məqsədi Azərbaycan mətbuatında milli dövlətçilik ideyalarına sədaqət göstərən, jurnalistikanı yalnız informasiya vasitəsi deyil, eyni zamanda tarixi yaddaş və ictimai məsuliyyət kimi dərk edən media nümayəndələrinin fəaliyyətini qiymətləndirməkdir. Bu mükafat hər il fərdi yanaşma və şəxsi münasibətlər əsasında deyil, təşkilatın yekdil mövqeyi ilə, ciddi meyarlar əsasında təqdim olunur.