Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılan kvotanın 50 faizindən çoxu artıq dolub dolub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, Həcc ziyarətinə qeydiyyat fasiləsiz davam edir və son günlər bu istiqamətdə canlanma müşahidə olunur.
QMİ rəsmisi Həcc ziyarətinə getmək niyyətində olan vətəndaşlara çağırış edərək qeyd edib ki, vaxtın bitməsini gözləmədən müraciət etsinlər.
“Vətəndaşlar hər gün QMİ-yə müraciət edirlər. Qeydiyyat prosesi durmadan davam edir və yerlər sürətlə dolur”,- deyə V.Cahangiri bildirib.
Qeyd edək ki, Həcc ziyarətinə getmək istəyənlərin sənəd qəbulu 22 oktyabr 2025-ci ildən başlayıb.
Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları (10 370 manat) müəyyən edib.
Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Tələb olunan sənədlər:
1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2) Şəxsiyyət vəsiqəsinin surəti;
3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4) Sağlamlıq haqqında arayış.
Xatırladaq ki, kvotanın dolub-dolmamasından asılı olmayaraq sənədlərin qəbulu 15 fevral 2026-cı il tarixində bitəcək.