Yaxın Şərqdə baş verən proseslər çoxdan lokal münaqişə çərçivəsindən çıxaraq qlobal təhlükəsizlik arxitekturasına təsir edən faktora çevrilib. Qəzza zolağında davam edən hərbi-siyasi eskalasiya beynəlxalq münasibətlər sistemində yeni risklər yaradıb. Bu proseslər fonunda müxtəlif dövlətlərin mövqeləri yenidən qiymətləndirilir. Azərbaycanın Fələstin məsələsinə yanaşması da bu kontekstdə diqqət mərkəzinə düşür. Çünki artıq Azərbaycan qalib, öz ərazi bütövlüyünü təmin edən dövlətdir. Odur ki, onun mövqeyi ciddi maraq doğurur. Görünəni odur ki, əksər vaxt Azərbaycana qarşı olan qüvvələr xüsusuilə Türkiyədə bu məsələdən problem çıxarmaq istəyirlər. Hətta qardaş Türkiyə ilə Azərbaycan arasında öz aləmlərində guya nifaq yaradırlar. Ümumiyyətlə, rəsmi Bakı uzun illərdir prinsipial və ardıcıl xətt nümayiş etdirir. Bu xətt beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır. Azərbaycan müstəqil Fələstin dövlətinin yaradılmasını daim dəstəkləyib. Bu mövqe həm ikitərəfli, həm də çoxtərəfli platformalarda açıq şəkildə ifadə olunub. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Bakı Fələstinlə bağlı qətnamələrin lehinə səs verib. Qoşulmama Hərəkatında da Azərbaycan bu mövqedən geri çəkilməyib. Bu üslub hüquqi-siyasi yanaşmadır. Rəsmi Bakının Fələstinlə bağlı mövqeyinin praktik göstəricilərindən biri səfirlik məsələsidir. Fələstin Dövlətinin səfirliyi Azərbaycanın maliyyə dəstəyi hesabına fəaliyyət göstərir. Bu fakt özü hər şeyi deyir. Diplomatik nümayəndəliyin mövcudluğu siyasi legitimliyin tanınması deməkdir. Və üstəlik nümayəndəliyin Azərbaycanın dəstəyi ilə fəaliyyət göstərməsi tam dəstək deməkdir. Bu, Azərbaycanın beynəlxalq hüquqa sadiqliyinin nümunəsidir. Hadisələrin xronologiyası onu deməyə əsas verir ki, Azərbaycan Yaxın Şərq diplomatiyasında passiv aktor olmayıb. Şarm-Əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirak bunun göstəricisidir. Sammit regional təhlükəsizlik gündəliyinin mühüm platformalarından biri sayılırdı. Burada əsas müzakirə mövzusu İsrail-Fələstin münaqişəsinin nizamlanması idi. Azərbaycanın iştirakı balanslı və ölçülmüş diplomatiyanın tərkib hissəsi idi. Lakin reallıq ondan ibarətdir ki, Fələstin məsələsinin həlli təkcə beynəlxalq təşkilatlardan asılı deyil. Əsas söz sahibi regionun aparıcı ərəb dövlətləridir. Birləşmiş Ərəb Əmirlikləri bu kontekstdə xüsusi rol oynayır. Səudiyyə Ərəbistanı regional liderlik iddiasını qoruyur. Misir təhlükəsizlik baxımından Qəzza ilə birbaşa bağlı dövlətdir. İordaniya isə Qüds məsələsində tarixi və dini məsuliyyət daşıyır. Bu ölkələrin mövqeyi nəzərə alınmadan real sülh mexanizmi formalaşa bilməz. Azərbaycan da bunu açıq şəkildə anlayır.