“2026-cı il dövlət büdcəsindən sosial təminata əhəmiyyətli miqdarda pay ayrılacaq və bu, ötən illərlə müqayisədə artan faizlə olacaq”.
Bu sözləri Modern.az-a açıqlamasında deputat Müşfiq Cəfərov bildirib.
O qeyd edib ki, dövlət büdcəsinin vəsaitlərinin həcmi hər il artır:
"2026-cı ilin dövlət büdcəsində ən böyük maliyyələşdirilən sahələr infrastruktur, investisiya, əməyin ödənişi, malların alınması, sosial ödənişlər və müdafiə-təhlükəsizliyi olacaq. Əsas prioritetlər sırasında müdafiə və təhlükəsizlikdir. Həmçinin, əsas xərc maddələri və onların xüsusi çəkisi qeyri-maliyyə aktivlərinin alınması, əməyin ödənişi və malların alınmasıdır".
Deputatın sözlərinə görə, Azərbaycanın dövlət büdcəsi xəfclərində hər zaman sosial sahələr üstünlük təşkil edir: "2025-ci ildə də büdcə vəsaitlərinin 45 faizə yaxını sosial xərclərə yönəldilmişdi. Bu da o demək idi ki, həmin il büdcədən xərclənən hər 100 manatın 45 manatı sosialyönümlü olub. Eyni zamanda, qarşıdan gələn hər il sosial təminat və sosial müdafiə xərclərinin artırılması da nəzərdə tutulur. Növbəti ildə isə bu istiqamətə ayrılan vəsaitin həcmi 2024-cü il ilə müqayisədə 14 faiz çox olacaq.
Bu o anlama gəlir ki, 2026-cı ildə sosial müdafiə və sosial təminat xərclərinə daha çox vəsaitin ayrılması nəzərdə tutulub. Beləcə növbəti ildə biz sosial sahəyə daha çox büdcə vəsaitinin ayrılacağını görəcəyik.
Növbəti əsas sahə olan iqtisadi istiqamətlərə, o cümlədən də Qarabağ və Şərqi Zəngəzurun bərpasına da daha çox vəsait ayrılacaq.
Həm təhlükəsizlik, həm iqtisadi, həm də bərpa istiqamətlərinə vəsaitlərin ayrılmasına baxmayaraq 2026-ci ilin dövlət büdcəsi sosialyönümlü büdcədir. Bu da o deməkdir ki, hökümət üçün 2026-ci ildə də bu məsələlər prioritet olaraq qalacaq.
Dünyada qəbul olunmuş qaydaya əsasən, büdcə o zaman sosialyönümlü hesab olur ki, o büdcədə sosial bölmələr üzrə xərclərin payının əhəmiyyətli çəkisi olur.
Dünya praktikasında sosial xərclərin büdcədə payı 40 faizdən az deyil. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsasən sosial xərclərə təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və bu kimi əhəmiyyətli sahələrdə xərclənən vəsaitlər də daxil edilir".