Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi ilk illərdən etibarən beynəlxalq arenada ədalətsiz siyasi təzyiqlərlə qarşılaşıb. Bu təzyiqlərin ən bariz və uzunömürlü nümunəsi isə 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na əlavə olunan 907-ci düzəlişdir. Bu gün Cənubi Qafqazın geosiyasi mənzərəsinin tamamilə dəyişdiyi, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və regionun əsas iqtisadi mərkəzinə çevrildiyi bir dövrdə, bu düzəlişin hələ də hüquqi qüvvədə qalması həm tarixi ədalətsizlik, həm də beynəlxalq münasibətlərin məntiqinə zidd bir aktdır.
907-ci düzəliş 1992-ci ilin oktyabrında, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu və ölkəmizin hərbi-siyasi böhran içində olduğu bir vaxtda qəbul edildi. Düzəlişin qəbulunda o dövrdə ABŞ Konqresində güclü mövqelərə malik olan ermənipərəst senatorlar — Con Kerri, Veyn Ovens və sonradan ABŞ Prezidenti olacaq Cozef Bayden fəal rol oynayıblar. Həmin dövrün Azərbaycan hakimiyyətinin diplomatik zəifliyi və qeyri-peşəkarlığı isə bu ədalətsiz sənədin qarşısını almağa imkan vermədi. Sənəd formal olaraq Azərbaycanın Ermənistanı "blokadada" saxlaması bəhanəsi ilə birbaşa dövlət yardımını qadağan edirdi. Halbuki real mənzərə bunun tam əksi idi: Azərbaycan özü Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokadaya düşmüşdü.
Azərbaycanın strateji əhəmiyyəti 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ üçün həyati əhəmiyyət kəsb etməyə başladı. Terrorla mübarizədə Azərbaycanın verdiyi hava məkanı, lojistik dəstək və Əfqanıstan missiyasındakı iştirakı ABŞ-ı bu düzəlişin tətbiqini müvəqqəti dayandırmağa məcbur etdi. Lakin 2024-cü ilə qədər hər il ABŞ prezidentləri tərəfindən imzalanan bu dondurulma qərarı, Bayden-Blinken administrasiyası dövründə dayandırıldı.