2025-ci il Azərbaycanın xarici siyasətində sadəcə bir təqvim ili deyil, dövlətçilik tariximizin geosiyasi balanslarını yenidən müəyyən edən "Strateji Dönüş İli" kimi yadda qalacaq. Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə Ağ Evdə Donald Trampla keçirdiyi görüş, Azərbaycanın hərbi qələbəsinin qlobal siyasi arenada ən yüksək səviyyədə möhürlənməsi idi.
Prezident İlham Əliyevin 2025-ci ilin yekunları ilə bağlı yerli televiziyalara artıq ənənə halı alan müsahibəsində ABŞ-la münasibətlərin transformasiyasına toxunarkən çox mühüm bir məqamı vurğuladı: Azərbaycan üçün daxili işlərə müdaxilə yox, bərabərhüquqlu tərəfdaşlıq əsasdır.
Bayden administrasiyasının dövrü Azərbaycan-ABŞ əlaqələri üçün ciddi sınaqlar dövrü idi. Vaşinqtonun o zamankı siyasi xətti qərəzli ideoloji stereotiplər, "demokratiya ixracı" adı altında daxili proseslərə təsir cəhdləri və ermənipərəst lobbinin təsiri ilə formalaşan "soyuq münasibət" üzərində qurulmuşdu. İlham Əliyev müsahibəsində dolayısı ilə qeyd etdi ki, əvvəlki administrasiyanın regiondakı reallıqları qəbul etməməsi münasibətlərdə süni gərginliklər yaradırdı.